

ADDA-nın magistratura pilləsinə qəbulun nəticələri açıqlanıb
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 2025/2026-cı tədris ili üçün magistratura pilləsinə qəbulun nəticələri açıqlanıb.
Akademiyada bu pilləyə qəbul dörd ixtisas üzrə aparılıb. “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasına 10, “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasına 15, “Elektrik və elektronika mühəndisliyi” ixtisasına 5, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasına isə 4 yer ayrılıb.
Ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbulun nəticələrinə əsasən, ADDA-ya bütün ixtisaslar üzrə ümumilikdə 31 nəfər qəbul olunub. Bu da qəbul üçün nəzərdə tutulan yerlərin 90 faizdən çoxunun dolduğunu göstərir. Dörd ixtisasdan yalnız “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında 3 yer vakant qalıb.
Magistratura pilləsinə qəbul olunmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində https://portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı şəxsi kabinetdə təqdim olunan xidmətlər arasından “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” bölməsi seçilməlidir.