

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub
Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün ölkənin ali təhsil müəssisələrinin bakalavriat pilləsinə qəbulun ilkin nəticələrini açıqlayıb.
Bu il Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 4 ixtisası üzrə ayrılan 350 plan yerindən 343-ü (98%) dolub.
“Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə nəzərdə tutulan 120 yerin 113-ü (94%) tutulub. “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında ayrılan 100 yerin hamısı (100%) dolub. “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının hər biri üzrə ayrılan 35 yerin hamısı da (100%) doldurulub.
Xəbər verildiyi kimi, 2025/2026-cı tədris ili üzrə Azərbaycan Dənizçilik Kollecinin (ADK) məzunları üçün ADDA-ya imtahansız qəbul imkanı yaradılıb. Dənizçilik sahəsində çalışan və ADK-nı bitirmiş şəxslər Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə (ÜOMG) əsasən Akademiyanın tələbəsi adını qazanıblar. Onlardan 35 nəfəri “Dəniz naviqasiyası mühəndisliyi”, 25 nəfəri isə “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə qiyabi formada təhsil alacaq. Bu göstərici plan üzrə nəzərdə tutulan yerlərin 100%-nə bərabərdir.
Akademiyada ən yüksək keçid balı “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə qeydə alınıb və 629,7 bal təşkil edib.