Türk İş Birliyi və Koordinasiya Agentliyinin nümayəndələri ilə ADDA-da görüş keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Eldar Qocayev Türk İş Birliyi və Koordinasiya Agentliyinin (TİKA) nümayəndələri Hayrettin Özçelik və Abbas Hümmətov ilə görüşüb.
Eldar Qocayev qonaqları salamlayaraq, Akademiyada təhsilin pillələri, tədris şəraiti, tələbə kontingenti barədə ətraflı məlumat verib, Azərbaycanda dənizçilik təhsilinin tarixindən, Dəniz Akademiyasının 1996-cı ildə Ümumilli Lider Heydər Əliyevin birbaşa tövsiyəsi ilə yaradılmasından, Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlardan ətraflı söhbət açıb. Bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının müvafiq siyahısında dünya dənizçılık ali məktəbləri sırasında yer alır, yüksək ixtisaslı dənizçi kadrları hazırlayır, eyni zamanda nəzdindəki Təlim Tədris Mərkəzi vasitəsilə dənizçiləri sertifikatlandırır. Akademiyada dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr də təhsil alır. Bu işlərin beynəlxalq standartlar səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb.
Görüşdə yaxın və uzaq perspektivli layihələrin gerçəkləşdirilməsi üçün potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib. Türkiyə vətəndaşlarının ADDA-da orta ixtisas (subbakalavr) təhsilinə, bakalavriat, magistratura və doktorantura üzrə ali təhsilə, eləcə də təkmilləşdirmə və ixtisasartırma kurslarına cəlb olunması üçün kompleks tədbirlərə TİKA-nın birbaşa dəstək göstərməsi, Türkiyənin qabaqcıl ali məktəbləri ilə əlaqələrin qurulması üçün ADDA nümayəndə heyətinin həmin təhsil müəssisələrinə, Türkiyə gəmiçilik sənayesinin (əmək bazarının) kadr ehtiyaclarını öyrənmək məqsədilə dövlət və özəl donanma və şirkətlərə səfərlərinin təşkili, müxtəlif ixtisas və fənlər üzrə türk professorların ADDA-da tədrisə cəlb olunması, birgə akademik (ikili diplom) proqramların tətbiqi imkanının araşdırılması, tədrisin təşkili, müasir universitetlərin quruluşu və idarə olunması, müxtəlif ixtisaslar üzrə yerli və Türkiyə mütəxəssislərinin iştirakı ilə konfrans, master-klass, dəyirmi masa və seminarların təşkili mövzularında əməkdaşlıq istiqamətləri diqqət mərkəzində olub.
TİKA ilə əməkdaşlıqda əlaqələndirici rolu “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasova tapşırılıb.
Səmimi keçən görüşdə Akademiya mütəxəssislərinin də rəyləri dinlənilib.
Sonda Hayrettin Özçelik qarşılıqlı əməkdaşlığın real işlərlə möhkəmləndiriləcəyinə əminlik ifadə edib.

