Dəniz suyundan gəmi yanacağı hazırlanması ilə bağlı layihəyə başlanılıb
Londonun Brünel Universiteti "Genuine H2" startapı ilə əməkdaşlıq çərçivəsində dəniz suyunu gəmilərdə hidrogen yanacağına çevirməyi hədəfləyən yeni pilot layihəyə start verib.
"Seanews.az" xəbər verir ki, layihənin əsas ideyası dəniz suyunun elektroliz cihazları vasitəsilə parçalanması, təmiz hidrogenin əldə edilərək gəmidə saxlanması və yanacaq kimi istifadəsidir. Bu proses zamanı əldə olunan hidrogen yüksək təhlükəsizlik standartları ilə xüsusi anbarlarda qorunacaq və səfər müddətində fasiləsiz enerji təminatı məqsədilə istifadə ediləcək.
Brünel Universiteti artıq hidrogen mühərrikləri üzrə genişmiqyaslı elmi-tədqiqat işləri aparır. Universitet gəmilər, təyyarələr, yük avtomobilləri və digər nəqliyyat vasitələri üçün “sıfır emissiya” prinsipi ilə işləyəcək hidrogen mühərriklərinin hazırlanmasını nəzərdə tutan milyonlarla funt sterlinqlik proqramın rəhbəridir.
Bununla belə, layihə bir sıra mühüm texniki çağırışlarla üz-üzədir. Enerji səmərəliliyi, davamlılıq, korroziyaya qarşı dayanıqlılıq, hidrogenin təhlükəsiz saxlanması və normativ tələblərə uyğunluq əsas çətinliklər kimi qeyd olunur.
Hazırda sistemin sınaqları quruda davam etdirilir və nümayiş mərhələsinin 2026-cı ilin martına qədər davam edəcəyi bildirilir.

