ADDA tələbələri “Elm” muzeyində olublar
Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri interaktiv “Elm” muzeyində maarifləndirici tədbirdə iştirak ediblər.
Muzeyin qurucusu və interaktiv təcrübələrin müəllifi Elçin Abbasov tələbələrə muzeydəki eksponatların hazırlanma prosesi barədə məlumat verib. O, 150-dən çox eksponatların yerli imkanlarla hazırlandığını, bu eksponatların dinamika, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdə elmi prinsipləri əyani şəkildə nümayiş etdirdiyini bildirib.
Muzeydə tələbələr “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Y.Həsənov və dosent Ş.Yusubovun rəhbərliyi ilə interaktiv təcrübələrdə iştirak ediblər, sənaye inqilabının əsasını qoyan buxar mühərriklərindən müasir dövrün mühərriklərinə qədər müxtəlif texnoloji eksponatlarla tanış olublar. Tədbir elmi biliklərin təbliği baxımından tələbələr üçün əhəmiyyətli təcrübə olub.

