ADDA tələbələri İRİA-da təlimdə iştirak ediblər
Azərbaycan Dövlət Dəniz Akademiyasının(ADDA) tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi təhsil layihələri çərçivəsində keçirilən növbəti "Meet-Up" görüşündə iştirak ediblər.
Tədbir “Sağlam vərdişlərin karyerada rolu” mövzusuna həsr olunub və İRİA-nın inzibati binasında baş tutub.
Təlimin spikeri Aynur Nəbiyeva tələbələrə balanslı həyat tərzinin, motivasiyanın və sağlam vərdişlərin peşəkar inkişafda rolu barədə geniş məlumat verib. O, müasir əmək bazarında rəqəmsal savadlılığın və informasiya texnologiyaları üzrə biliklərin əhəmiyyətini vurğulayıb.
Görüş interaktiv müzakirələr, praktiki tapşırıqlar və komanda oyunları formatında təşkil olunub. Tələbələr qruplar şəklində əməkdaşlıq, sərbəst fikir yürütmə, liderlik və yaradıcı düşüncə bacarıqlarını nümayiş etdiriblər.
Tədbir tələbələrdə sağlam həyat tərzi, şəxsi inkişaf və İT bacarıqlarının önəmini dərk etməyə, eləcə də gələcək karyera planlaşdırmasını düzgün istiqamətləndirməyə müsbət təsir göstərib. Həmçinin sosial şəbəkələrdən iş, karyera və təcrübə imkanları istiqamətində səmərəli istifadə yolları müzakirə olunub və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi vurğulanıb.

