ADDA tələbələri üçün işə qəbul mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri üçün işə qəbul prosesi, karyera planlaması, peşəkar CV-nin hazırlanması qaydası və dənizçilik sahəsində inkişaf imkanları ilə bağlı təlim təşkil olunub.
ASCO-nun İnsan resurslarının idarə edilməsi departamentinin (İRİD) gənclərlə iş üzrə koordinatoru Gülçin Aslanova “Karyera inkişafı: uğurlu gələcəyin planlaması” mövzusunda çıxış edərək tələbələrin peşəkar inkişaf yolunda strateji düşünmələrinin vacibliyinə toxunub. O, davamlı bilik və bacarıq təkmilləşdirilməsinin karyera yüksəlişində həlledici rol oynadığını vurğulayıb.
İRİD-in işə qəbul prosesi üzrə mütəxəssisi Nigar Hüseynli “ASCO-da işə qəbul qaydaları” mövzusunda təqdimatla tələbələrin diqqətini şirkətdə mövcud proseslərin mərhələlərinə yönəldib. O, vakansiyaların elan olunması, namizədlərin seçimi və müsahibə mərhələləri zamanı tətbiq olunan yanaşmalar barədə ətraflı məlumat verib.
“Handysize” tipli gəmilər üzrə işə qəbul prosesini həyata keçirən Aynur Əbilova isə “Peşəkar CV hazırlamaq: uğurlu karyeraya doğru ilk addım” adlı təqdimatı ilə tələbələrə real iş təcrübələrinə əsaslanan tövsiyələr verib. O, düzgün tərtib olunmuş CV-nin gənclərin rəqabət qabiliyyətini artırdığını xüsusi vurğulayıb.
Görüş ərzində tələbələrə ASCO-nun donanması, o cümlədən son illərdə istismara verilmiş gəmilər haqqında geniş məlumat təqdim olunub.
Sonda tələbələrin sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.

