Dənizçi tələbələr “Marketinq yoxdursa, startap yoxdur” mövzusunda “meet-up”da iştirak ediblər
Azərbaycan Dövlət Dəniz Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında mövcud əməkdaşlıq çərçivəsində növbəti tədbir uğurla keçirilib.
İRİA-nın dəstəyi ilə tələbələr üçün “Marketinq yoxdursa, startap yoxdur” mövzusunda “meet-up” təşkil olunub.
Tədbirdə startap ekosistemində uzun illər təcrübəyə malik ekspert Cəfər Nəcəfov iştirakçılarla real nümunələr əsasında marketinq strategiyasının startaplar üçün niyə həyati əhəmiyyət daşıdığını bölüşüb. Görüş zamanı bazar analizi, müştəri seqmentasiyası və düzgün mövqeləndirmə kimi əsas məsələlər ətraflı şəkildə müzakirə olunub.
“IDDA Alumni Community” çərçivəsində keçirilən görüşdə iştirakçılar startap ideyalarını bölüşüb və müzakirə edib, qarşılaşdıqları çətinliklər və imkanları dəyərləndirib, inkişaf üçün praktik tövsiyələr əldə ediblər.
Tədbirin əsas məqsədi tələbələrin peşəkar şəbəkəsini genişləndirmək, komanda və liderlik bacarıqlarını inkişaf etdirmək, startap və karyera yolunda daha inamlı addımlar atmasına dəstək olmaqdır.

