Azərbaycan Dövlət Dəniz Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib.
ADDA-nın rektoru vəzifəsini müvəqqəti icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayevin sədrliyi ilə keçirilən iclasın gündəliyinə uyğun olaraq, Təlim Tədris Mərkəzinin, Azərbaycan Dənizçilik Kollecinin, habelə Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin 2025-ci il üzrə fəaliyyət hesabatları dinlənilib. Hesabatlarda il ərzində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Fəaliyyətin daha səmərəli təşkili üçün tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təhsil prosesinin müasir standartlara uyğunlaşdırılması istiqamətində strateji qərarlar qəbul olunub.
Həmçinin ADDA-nın kadr potensialının gücləndirilməsi məqsədilə professor-müəllim heyətinin fəaliyyətini qiymətləndirən yeni reytinq sisteminin tətbiqi və inzibati heyətin dərs yükünün optimallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tədris-Metodiki Şuranın 2025/2026-cı tədris ili üçün hazırladığı iş planı təsdiq edilib.
Akademik heyətin peşəkar inkişafı və elmi fəaliyyətin stimullaşdırılması çərçivəsində, “İngilis dili” kafedrasının dosent əvəzi Ramilə Fərəcovaya elmi-pedaqoji fəaliyyətinə görə dosent elmi adının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib. Bundan əlavə, ADDA-nın doktorantı Səlim Paşazadənin dissertasiya işinin mövzusu, gəmiçilik sahəsində müasir texnologiyaların tətbiqini əks etdirən yeni redaksiyada müzakirə edilərək dəyişdirilib.

