ADDA-nın "Tətbiqi mexanika kafedrası"nın əməkdaşları 2025-ci ildə mühüm elmi-pedaqoji uğurlara imza atıblar
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) "Tətbiqi mexanika kafedrası"nın əməkdaşları 2025-ci il ərzində elmi-pedaqoji fəaliyyət sahəsində mühüm uğurlara imza atıblar.
Belə ki, kafedranın professor-müəllim heyəti müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda uğurla iştirak edib. Professorlar Yusif Həsənov, Bəyalı Əhmədov, Rövşən Hümbətəliyev, dosent Şahid Yusubov, eləcə də Ülkər Səmədova, Şahin Ağazadə və Gülsüm Ağayeva elmi məruzələrlə çıxış edərək ADDA-nı layiqincə təmsil ediblər.
Aviasiya Akademiyasında təşkil olunmuş beynəlxalq simpoziumda Y.N. Həsənov, B.B. Əhmədov və Ş.T. Yusubovun təqdim etdiyi üç müxtəlif elmi məruzə təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilib, sertifikatlara layiq görülüb və Almaniyanın “Springer” nəşriyyatına məxsus elmi jurnalda dərc olunmaq üçün təqdim edilib.
2025-ci ildə kafedranın əməkdaşı Ülkər Səmədova akademik fəaliyyəti çərçivəsində Çin Elm və Texnologiya Universitetində apardığı elmi tədqiqatlara görə II yerə layiq görülüb. Eyni zamanda, Şahin Ağazadənin Türkiyənin Ərzurum Texniki Universitetində keçirilən simpoziumda, Gülsüm Ağayevanın isə Özbəkistan İqtisadiyyat və Pedaqogika Universitetində təşkil olunmuş beynəlxalq konfransda iştirakı ADDA-da elmin beynəlxalq elmi mühitə uğurlu inteqrasiyasının göstəricisidir.
Bu dövrdə kafedranın professoru B.B. Əhmədov və dosent Ş.T. Yusubovun həmmüəllif olduğu 3 patent Əqli Mülkiyyət Agentliyi tərəfindən təsdiq edilib. Həmçinin, 2025-ci il ərzində kafedra əməkdaşlarının 18 elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınan Web of Science (WoS), Scopus və ERIH PLUS indeksli nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub.
Hazırda "Tətbiqi mexanika kafedrası"nın elmi-pedaqoji heyəti Azərbaycan Respublikasının qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan gəmiçiliyin inkişafı üçün müasir bilik və bacarıqlara malik gənc kadrların hazırlanması istiqamətində fəaliyyətini əzmlə davam etdirir.

