ADDA-da 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
İmtahan sessiyasında ADDA-nın bakalavriat, magistratura və təkrar ali təhsil səviyyələrində təhsil alan tələbələrinin müxtəlif ixtisaslar üzrə qazandıqları biliklər qiymətləndirilir. İmtahanlar “Elektron akademiya” platformasının imkanlarından geniş istifadə edilməklə yazılı, şifahi, test və sistemdaxili yazılı formalarda aparılır.
2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi qaydalarına prosesin şəffaflığını, obyektivliyini və effektivliyini artırmaq, həmçinin tələbələrin biliklərinin düzgün və hərtərəfli qiymətləndirilməsini təmin etmək məqsədilə bir sıra yeniliklər tətbiq edilib:
- İmtahanların təşkil olunduğu bütün auditoriyalarda nəzarət kameraları quraşdırılıb və mərkəzləşdirilmiş müşahidə qərargahı ilə əlaqələndirilib;
- Video və audio nəzarət zamanı şübhəli hallar yarandıqda operativ müdaxilə üçün Appelyasiya Komissiyasına səlahiyyətlər verilib;
- Rəqəmsal sistemə kənar müdaxilələrin qeyd olunması və qarşısının alınması üzrə mexanizmlər işlənib hazırlanıb;
- Test imtahanlarında tələbələrə proses ərzində cavab variantı seçimini dəyişmək imkanı yaradılıb;
- Test imtahanları başa çatdığı andan tələbələrə cavab variantlarının və nəticələrin analizini aparmaq imkanı yaradılıb;
- Şifahi imtahanların keçirilməsi zamanı həm video, həm də audio qeydiyyat aparılması təmin olunub.
Akademiya rəhbərliyi, inzibati və professor-müəllim heyəti imtahanların şəffaf keçirilməsi üçün mümkün tədbirləri görür, prosesin gedişatını operativ rejimdə nəzarətdə saxlayır.
Payız semestrinin imtahan sessiyası 1 fevral 2026-cı ilədək davam edəcək.

