Gəmi-muzeyi əməkdaşlarının əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılıb
ASCO-nun Xəzər Dəniz Neft Donanmasının mütəxəssisləri “Suraxanı” gəmi-muzeyinin əməkdaşlarının əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərini yoxlayıb. İmtahan zamanı əməkdaşların yanğından mühafizə, ilkin müdaxilə tədbirləri, fövqəladə hallarda davranış qaydaları, eləcə də fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə ilə bağlı bilikləri qiymətləndirilib.
Yoxlama prosesində əməkdaşların nəzəri bilikləri ilə yanaşı, praktiki bacarıqlarına da xüsusi diqqət yetirilib, real situasiyalar üzrə davranış ssenariləri müzakirə olunub.
Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyində əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində əməkdaşlar üçün mütəmadi olaraq təlimlər və əyani dərslər keçirilir. Bu tədbirlərin əsas məqsədi iş mühitində təhlükəsizliyin təmin edilməsi, mümkün risklərin minimuma endirilməsi və fövqəladə hallara operativ reaksiya bacarıqlarının artırılmasıdır. Bununla yanaşı, ekskursiyalardan öncə muzey ziyarətçilərinə təhlükəsizlik qaydaları ilə bağlı qısa, lakin əhatəli təlimatlar təqdim olunur.

