ADDA nümayəndə heyəti beynəlxalq elmi-praktiki konfransda iştirak edib
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektor vəzifəsini icra edən Eldar Qocayevin rəhbərliyi ilə bir qrup doktorant və magistrant Milli Aviasiya Akademiyasında keçirilən XI Beynəlxalq Elmi-Praktiki Gənclər Konfransı – “Fevral məruzələri: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı elmi tədbirdə iştirak edib.
Konfrans gənc alim və tədqiqatçıların aerokosmik sahədə aktual elmi problemlər, innovativ ideyalar və tədqiqat nəticələri ətrafında fikir mübadiləsi aparmaları üçün beynəlxalq akademik platforma rolunu oynayıb. Tədbir plenar iclaslar və tematik bölmələr üzrə paralel sessiyalar çərçivəsində hibrid (onlayn və əyani) formatda təşkil olunub.
Konfrans çərçivəsində ADDA-nın gənc tədqiqatçıları energetika və avtomatika bölməsində elmi məruzələrlə çıxış edərək müzakirələrdə fəal iştirak ediblər. Təqdim olunan məruzələr tədqiqatların praktik və elmi əhəmiyyətini əks etdirməklə yanaşı, multidissiplinar yanaşmalar baxımından da maraq doğurub.

