ADDA-da orqan donorluğuna həsr olunmuş maarifləndirici seminar keçirilib
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında “Donorluqla bəxş edilən həyat” mövzusunda maarifləndirici seminar təşkil edilib. Tədbirin məqsədi cəmiyyətdə orqan donorluğu haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu humanist addıma məsuliyyətli yanaşmanın təşviqi olub.
Akademiyanın Tədris prosesinin təşkili üzrə prorektoru İradə Süleymanova orqan donorluğunun müasir təbabətdəki yerindən və insan həyatının xilas edilməsindəki rolundan bəhs edib. Həmçinin qeyd edib ki, bu cür tədbirlər gənc nəsildə sosial məsuliyyət hissinin güclənməsinə xidmət edir.
“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” PHŞ-nin İdarə Heyətinin sədri Yeganə Abbasova da çıxışında transplantasiya sahəsinin həm tibbi, həm də sosial əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva isə professor-müəllim heyətini və tələbələri ətraflı məlumatlandırmaq üçün mövzu ilə bağlı təqdimatla çıxış edib.
Seminarın ikinci hissəsi interaktiv diskussiya şəraitində keçib. Mütəxəssislər tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıblar.

