ASCO-nun gəmi xilasetmə vasitələrinin təmiri üzrə mütəxəssisləri beynəlxalq təlimdə iştirak ediblər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları gəmi xilasetmə vasitələrinin təmiri sahəsi üzrə Şimali İrlandiyanın Belfast şəhərində keçirilən növbəti beynəlxalq təlim proqramını uğurla başa vurublar.
Bu sahədə ixtisaslaşmış “Survitec” şirkətinin təşkil etdiyi təlimdə ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Rüstəm Ağayev, İstehsalat Xidmətləri İdarəsinin Gəmi xilasetmə vasitələrinin təmiri sahəsinin rəisi Asəf Hüseynov, təmirçi-çilingərlər Emin İbadullayev və Kənan Rüstəmov iştirak ediblər.
Beş gün davam edən proqram çərçivəsində iştirakçılara gəmi xilasetmə vasitələrinin texniki baxışı, təmiri və istismarı üzrə həm nəzəri, həm də praktiki biliklər təqdim olunub. Təlimin sonunda iştirakçılar müvafiq imtahanlardan uğurla keçərək beynəlxalq sertifikatlarla təmin ediliblər.
Proqramın əsas məqsədi gəmi xilasetmə vasitələrinin təmiri ilə bağlı əməkdaşların mövcud bilik və bacarıqlarını yeniləmək, sahə üzrə beynəlxalq standartlara uyğun fəaliyyətin davamlılığını təmin etmək və mövcud sertifikatların etibarlılıq müddətini uzatmaqdır.
Bu cür ixtisaslaşmış təlimlər gəmi təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması və beynəlxalq tələblərə uyğun fəaliyyətin davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

