Süni intellektin gəmiçilikdə tətbiqi müzakirə olunub
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Elm – təhsil – istehsalat” diskussiya klubunun növbəti görüşü gəmiçilikdə süni intellektin (Sİ) tətbiqi perspektivlərinin müzakirəsi və akademiya ilə sənaye müəssisələri arasında bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi mövzusuna həsr olunub.
Görüşdə ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev çıxış edərək gəmilərin inşası, istismarı və idarəedilməsində Sİ-nin rolu, avtomatlaşdırılmış sistemlərin hüquqi qərarlar verə bilmə imkanları, dəniz hadisələrinin operativ tənzimlənməsi və "Yaşıl gəmiçilik"lə süni intellektin əlaqəsi kimi məsələlərə toxunub.
Professor Nizami İsmayılov “Süni intellektin gəmiçilik sahəsində tətbiqinin mümkünlüyü” mövzusundakı təqdimatında ölkədə innovasiya istiqamətində həyata keçirilən təşəbbüslər, eləcə də süni intellektin dəniz nəqliyyatında tətbiq imkanları və perspektivləri barədə ətraflı məlumat verib.
Bakı Gəmiqayırma Zavodunun nümayəndəsi Hasib Talıbov “Xankəndi” gəmisində tətbiq olunan süni intellekt və avtomatika elementləri, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun nümayəndəsi Vüsal Məmmədov isə innovativ proqram təminatlarında yarana biləcək texniki risklər barədə danışıb. Onlar gələcək mütəxəssislərin Sİ sahəsində praktiki bacarıqlara dərindən yiyələnmələrinin vacibliyini vurğulayıblar.

