Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi açı

İyunun 11-də Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi açılıb. XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018), VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road&Traffic 2018) sərgilərinin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, Azərbaycan son dövrlər nəqliyyat sahəsində böyük layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazasının açılışı, yüksək keyfiyyətli avtomobil yollarının qurulması, hava nəqliyyatında əldə olunan nailiyyətlər görülən işlərə nümunədir. Bu işlər Azərbaycanı regionun əsas tranzit mərkəzinə çevirir. Qeyd edək ki, sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “TransCaspian/Translogistica” sərgisi Böyük Britaniyanın “ITE Group” şirkətlər qrupu tərəfindən təşkil olunan “TransRussia” (Moskva), “TransPoland” (Varşava), “TransUzbekistan” (Daşkənd), “TransUkraine” (Kiyev) və “TransKazakhstan” (Almatı) kimi ixtisaslaşmış nəqliyyat-logistika sərgiləri, eləcə də “BreakBulk” beynəlxalq sərgilər (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir. Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Azərbaycan, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və sair) təqdim edir. Sərgidə nəqliyyat şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edirlər. Qeyri-neft sektorunun artması ilə əlaqədar olaraq, respublikada logistika şirkətlərinin sərgisinə marağı əhəmiyyətli dərəcədə artıb. Sərgi iştirakçılarının 30 faizdən çoxunu debütantlar təşkil edir və onların arasında dəniz daşımalarını həyata keçirən şirkətlər (Abşeron Logistika Mərkəzi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı), dəmir yolu daşımaları sahəsində ixtisaslaşan şirkətlər (“ADY Container”), avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə şirkətlər (Belarusun “APS Solver” şirkəti, Litvanın “Arijus UAB” şirkəti), hava nəqliyyatı şirkətləri (“Silk Way Group” şirkəti) yer alır. Sərgidə bir sıra yeniliklər təqdim olunacaq. Belə ki, “AzRusTrans” şirkəti tranzit daşımalar üzrə alternativ imkanları nümayiş etdirəcək, “Texnovotum” şirkəti isə ziyarətçilərə avtomatlaşdırılmış lazer skaneri və defektoskopiya kimi məhsullarını təklif edəcək. “TransCaspian/Translogistica” sərgisinin ziyarətçiləri arasında bir neçə nümayəndə heyəti də var. Belə ki, builki sərginin qonaqları arasında Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanın dəmir yolu şirkətlərinin nümayəndələri, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (“DYƏT”) və Qazaxıstan Respublikası İnvestisiya və İnkişaf Nazirliyinin nümayəndələri yer alır. Beləliklə, “TransCaspian/Translogistica” sərgisi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, eləcə də yeni işgüzar müqavilələr imzalamaq üçün yük sahibləri, sənaye müəssisələrinin rəhbərləri, avtomobil parklarının sahibləri və müvafiq profilli sektorları təmsil edən digər maraqlı tərəflərlə görüşmək üçün unikal imkandır. VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road & Traffic 2018) sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. “Road & Traffic” – regionun ən böyük ixtisaslaşmış sərgilərindən biridir və sərgi yol infrastrukturunun inkişafının bütün aspektlərini əhatə edərək, yalnız yol deyil, eyni zamanda nəqliyyat və tikinti sənayesi ilə məşğul olan mütəxəssislər arasında yüksək qiymətləndirilir. Bu sərgi də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgidə Azərbaycan, ABŞ, Belarus, İran, Polşa, Rusiya, Türkiyə və ilk dəfə olaraq Slovakiyanı təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər xidmət və məhsullar “Road & Traffic 2018” sərgisində təqdim edəcəklər. Yerli iştirakçıların arasında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti də var. Builki sərginin debütantları arasında isə “Macina TST” (Belarus), “Paya Tadbir Pakan” (İran), “Pietrucha” (Polşa), “SORB Group” (Rusiya) və “Molpir” (Slovakiya) vardır. Sərgidə ilk dəfə iştirak edən Rusiyanın Yaroslavl vilayətinin istehsalçıları tədbirdə ayrıca stendlə iştirak edirlər. Sərgi eksponentləri yolların tikintisi və saxlanılması üçün bir sıra məhsul və xidmətləri, layihələndirilmə və tikinti, yol-inşaat texnikası, yol tikintisi üçün geosintetik materiallar, yol hərəkəti idarəetmə sistemləri üçün avadanlıqlar, elektron yol monitorları, “QAZ” avtobuslarının yeni modelləri və sair məhsulları təqdim edirlər. “Road & Traffic 2018” sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək üçün ideal şərait yaratmaqla yanaşı, Bakıda və Azərbaycanın digər böyük şəhərlərində ictimai nəqliyyatın optimallaşdırılması üzrə hökumətin mövcud infrastruktur layihələri, eləcə də perspektiv planları ilə yaxından tanış olmağa imkan verəcək. Bu il sərginin işgüzar proqramı çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Bakı Ekspo Mərkəzinin 22 nömrəli otağında “Nəqliyyat Xidmətinin Yeni Yol Planı” mövzusunda konfrans keçiriləcək. Konfransın sonunda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə ali məktəblər arasında qarşılıqlı əməkdaşlıq memorandumlarının imzalanması planlaşdırılır. Həmçinin sərginin ikinci iş günü “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər sayəsində iştirakçılar yeni məhsul və xidmətləri təqdim və kəşf etmək, yeni biznes imkanlarını araşdırmaq, potensial müştərilər tapmaq və işgüzar təcrübə mübadiləsi aparmaq məqsədilə aparıcı yerli şirkətlərlə görüşə biləcəklər. “Road & Traffic 2018” sərgisi XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi ilə eyni meydançada keçirilir. Sərgilərin təşkilatçıları “Iteca Caspian” şirkəti əl sənətkarlığının inkişafını daim dəstəkləyib. Həmçinin Bakı Ekspo Mərkəzində azərbaycanlı usta Rövşən Ənsarinin əl işlərindən ibarət olan sərgi stendi ziyarətçilər üçün əsl sürpriz olub. Stenddə müxtəlif dövr və ölkələrə aid olan gəmi modellərin növləri, eləcə də buxar lokomotivləri (parovozlar) nümayiş olunur. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. 2018-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər) yer alır. Bu il təşkilatçılar “Bagcam.az” uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlayıblar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər. Sərgilər peşəkar ziyarətçilər üçün iyunun 11-13-də, tələbələr üçün isə iyun ayının 13-də açıq olacaq. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır