Dənizçilər üçün faydalı kitab çapdan çıxıb
Gərgin əməyin bəhrəsi olan “Gəminin Davamlılığı Uğrunda Mübarizə” (“GDUM”) qəza-xilasetmə təlimatları, tövsiyələri kitabı çapdan çıxıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Departamenti tərəfindən hazırlanan və nəfis şəkildə çap edilən bu kitab qabaqlayıcı tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi, ölkəmizin ərazisində mülkiyyətçiliyindən asılı olmayaraq gəmi heyətlərinin fövqəladə hallar zamanı baş vermiş qəza xarakterli təhlükələrlə mübarizə aparılması üçün zəruri sənədləri əhatə edir. Rəhbər sənəddə gəminin davamlılığını təmin etmək üçün gəmi heyətinə faydalı tövsiyələr və praktiki materiallar da kifayət qədərdir.
Azərbaycan dilində ilk dəfə işıq üzü görən “Gəminin Davamlılığı Uğrunda Mübarizə” kitabı dənizçilər, təlim-tədris müəssisələri və aidiyyəti idarə işçiləri üçün nəzərdə tutulub.
Kitabda Beynəlxalq Konvensiya, Beynəlxalq Məcəllələr və digər normativ sənədlərdən, o cümlədən “Dənizdə insan həyatının mühafizəsi haqqında 1974-cü il tarixli Beynəlxalq Konvensiya” (SOLAS -74), “Dənizdə Gəmilərin Toqquşmasının Qarşısının Alınmasına dair Beynəlxalq Konvensiya -1972” (DGTQBK-72), Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri haqqında 1978-ci il tarixli əlavələr edilmiş Beynəlxalq Konvensiya” (DHSNÇ BK- 1978/95), “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında 1990-cı il tarixli Beynəlxalq Konvensiya“, “Dənizin gəmilərdən çirklənməsi haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiya“ ( MARPOL-73/78), “Xilasetmə haqqında 1989-cu il tarixli Beynəlxalq Konvensiya”, “Aviasiya və dəniz xilasetmə və axtarış üzrə Beynəlxalq Rəhbərlik”, “BDT/İMO Gəmi Davamlılığı üzrə Beynəlxalq Məcəllə”, “Yanğın Təhlükəsizliyi Qaydaları”, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”, “Azərbaycan Respublikasının Nəqliyyat Donanmasınının Gəmilərində Xidmət Nizamnaməsi” və sairədən istifadə edilib