14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü
Kim istəmir ki, övladları və nəvələri kitab həvəskarı olsun, mütaliə edib dünyagörüşünü artırsın? Axı kitab oxumaq nitqin inkişafına kömək edir, söz ehtiyatını artırır, uşaqlara təhlil etməyi, düşünməyi öyrədir. Mütaliə məntiqi inkişaf etdirməyə, səbəb-nəticə əlaqəsini anlamağa kömək edir. Ailəliklə kitab oxumaq isə asudə vaxtı birlikdə səmərəli keçirməyin və uşaqlarla sıx ünsiyyət qurmağın ən gözəl yoldur. Əgər siz də belə düşünürsünüzsə, onda məqamdan istifadə edin: bu gün Beynəlxalq kitab bağışlama günüdür, uşaqlara kitab hədiyyə edin.
Bu özəl günün təməli 2012-ci ildə ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmur tərəfindən qoyulub.
Üç uşaq anası olan xanım Brodmuraya ideyanı onun balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışlaması üçün xüsusi günün olmadığını soruşub. Övladının sualından təsirlənən ana öz əlaqələrini işə salıb: tanış blogerlərə, sosial şəbəkə istifadəçilərinə, həmkarlarına və saytdakı tərəfdaşlarına müraciət edərək, hər il fevralın 14-nü Kitab bağışlama günü olaraq qeyd etməyi bir təşəbbüs kimi irəli sürüb.
2013-cü ildə isə artıq fərqli-fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək bu təşəbbüsə qoşulublar. Beləliklə, dünyanın bir çox ölkəsində 14 fevral “Kitab bağışlama günü” kimi qeyd olunmağa başlayıb, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirib. Bütün dünyada dəstək qazanan bu təşəbbüs hər il yeni iştirakçılar cəlb edir, uşaqlarda kitaba maraq və məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.