Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

nizçilər peşə bayramını qeyd edirlər –

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur. Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri iyunun 23-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçi şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra dənizçilərin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının akt zalında tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Dəniz Administrasiyasının rəisi  Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibətilə təbrik edib, hər birinə işlərində uğurlar arzulayıblar. Tədbirdə çıxış edən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən olan dəniz nəqliyyatının inkişafı istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət onun  layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatının da  sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, dəniz nəqliyyatı sahəsində təhlükəsizliyin artırılması və dəniz mühitinin qorunub saxlanması möhtərəm prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikamızda iqtisadiyyatın dinamik inkişafı dəniz nəqliyyatından da yan keçməmiş, bu sahəyə cənab Prezidentin göstərdiyi diqqət və qayğının sayəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə təhlükəsizliyin təmin olunması, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyaların tələblərinə ciddi riayət olunması təmin edilib. Qüdrət Qurbanovun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli 1271 nömrəli Sərəncamı ilə yaradılan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının səlahiyyətlərinə Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə Birləşmiş Millətlər Təşkilatının dəniz nəqliyyatı sahəsində ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatı və digər təşkilatlarla əməkdaşlığın, Azərbaycan Respublikasının həmin sahədə tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi aid edilib. Məhz, dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) üzrə adıçəkilən Təşkilatın 10 dekabr 2013-cü il tarixli A.1070(28) nömrəli və A.1105(29) nömrəli qətnamələrinə əsasən Audit Ekspert Qrupu bu ilin 28 may – 6 iyun tarixlərində Azərbaycanda səfərdə olub. Keçirilmiş audit yoxlaması zamanı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Audit Ekspert Qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov xüsusi olaraq vurğulayıb ki, audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə görə respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutması bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən formalaşdırılmış dövlət siyasətinə uyğun olaraq ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, qədim dənizçilik tarixinə malik respublikamızın dəniz qüdrətinin daha da yüksəldilməsi, eləcə də region dövlətləri ilə yanaşı, dünyanın qabaqcıl dəniz dövlətləri ilə rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində gələcəkdə də uğurların əldə ediləcəyi şübhəsizdir. Qüdrət Qurbanov Azərbaycan Respublikasının 4 mart 2016-cı il 165-VQ nömrəli Qanunla “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulduğunu və adıçəkilən Konvensiyanın iştirakçı dövlətlərinin iclasında Respublikamızın  ilk dəfə təmsil olunduğunu qeyd edərək, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dəniz nəqliyyatı sahəsinin daha da inkişaf etdirilməsi üçün dənizçilərin fədakar əməklərini əsirgəməyəcəklərinə əminliyini ifadə edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çıxışında bildirib ki, yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə 2013-cü ilin oktyabrında Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdənkənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksək ixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb. R.Vəliyev qeyd edib ki, ilk növbədə 5 illik hədəflər müəyyənləşdirilib. Bunlar AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmaların yenilənməsi, beynəlxalq idarəetmə və maliyyə sisteminin tətbiqi, fəaliyyətin beynəlxalq auditinin keçirilməsi, müvafiq beynəlxalq sertifikatların və kredit reytinqinin alınması, mövcud infrastrukturun və maddi-texniki təchizat bazasının təkmilləşdirilməsi, işçilərin rifahının mütəmadi yaxşılaşdırılması, kadr hazırlığı və sair kimi hədəflərdir.  “Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbər təyin edilməsi ilə iqtisadiyyatımızın bir çox sahələri kimi, neft sənayesində də yeni inkişaf dövrü başladı. Həmin dövrdə neft-qaz ehtiyatlarının çox hissəsinin yerləşdiyi dəniz yataqlarının kəşf edilib istismara verilməsi xeyli sürətləndi. Dənizdə bir-birinin ardınca çoxsaylı neft-qaz yataqlarının, o cümlədən zəngin “Günəşli” yatağının kəşfi məhz Ulu Öndərin rəhbərlik illərinə təsadüf edir. Dənizdəki neft-qaz yataqlarının genişmiqyaslı işlənməyə cəlbi Xəzər Dəniz Neft Donanmasının da imkanlarını xeyli artırdı. 80-ci illərdən dənizin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsini təmin etmək üçün daha müasir və güclü gəmilərin tikilməsinə ehtiyac duyuldu. Ona görə də 1980-ci ildən bu donanmaya xarici ölkələrdə – Almaniya, Finlandiya, Norveç, Polşa, Yuqoslaviya, Bolqarıstan və Fransada inşa edilmiş gəmilər alındı. Oxşar proses Xəzər Dəniz Gəmiçiliyində də gedirdi. Xorvatiyada sifariş verilmiş 8 gəmi-bərə keçmiş SSRİ-nin başqa gəmiçiliklərinə verilmədi, Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin şəxsi göstərişi ilə Bakıya gətirildi. Belə faktlar çoxdur. Dənizçilər bunu yaxşı bilir, yüksək qiymətləndirirlər”, – deyə R.Vəliyev vurğulayıb. Gəmiçiliyə beynəlxalq sertifikatların verilməsi və kredit reytinqinin alınması barədə danışarkən Rauf Vəliyev deyib ki, “Ernst & Young” şirkəti beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarının və Davamlı inkişaf haqqında hesabatın auditini həyata keçirərək müsbət rəy verib, “Fitch Rating” şirkəti ilə Gəmiçiliyə kredit reytinqinin alınmasına dair əməkdaşlıq sahəsində uğurlu iş aparılıb. Rauf Vəliyev gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, Xəzərdənkənar fəaliyyətin bərpası və donanmaların yenilənməsindən ətraflı söhbət açıb, qarşıda daha mühüm vəzifələrin durduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilk növbədə dəniz nəqliyyatına dövlətimizin dəstəyinə, xüsusilə də Prezident İlham Əliyevin daimi diqqətinə güvənir. Son dövrdə imzalanmış fərman və sərəncamlar strateji əhəmiyyət daşıyır. Belə ki, Xəzər Dəniz Gəmiçiliyinin inkişaf istiqamətlərinin müəyyən edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə  “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”nın  qəbul olunması Gəmiçilik qarşısında qlobal vəzifələr qoyur. Bu gün Xəzər regionunda bir sıra irimiqyaslı beynəlxalq layihələr həyata keçirilir. Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş bu layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanla İran arasında dəmir yolu xəttinin tikintisi, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin yekunlaşdırılması Gəmiçilik üçün yeni hədəflər müəyyənləşdirir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qarşıda duran bütün məqsədlərə nail olmaq və yeni uğurlara imza atmaq üçün tam gücü ilə çalışır. Ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri  Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün Gəmiçiliyin donanmasının  davamlı yenilənməsi çox vacibdir. Bu baxımdan, 2013-cü ildə açılan  Bakı Gəmiqayırma Zavodu böyük əhəmiyyət kəsb edir. Bu zavod tərəfindən Gəmiçilik üçün indiyədək dörd gəmi tikilərək istifadəyə verilib. Bu yaxınlarda daha dörd gəminin-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş verilib. Həmçinin, Rauf Vəliyev  son 3 il 17 yeni gəminin alındığını bildirib.  Bunlardan  1 ədəd Xəzərdə ən böyük yedək-təchizat gəmisi,  8 ədəd 5,500 ton yük götürmə qabiliyyətli quru yük gəmisi, 1 ədəd 13,000 tonluq tanker, 3 ədəd təchizat gəmisi, 1 ədəd liman-yedək, 3 ədəd sərnişin gəmisidir. Mərasimdə “Rusiya Dəniz Registri Azərbaycanda” QSC-nin sədri Şaban Quliyev, uzaq səfərlər kapitanı Muxtar Axundov və başqaları son illərdə dəniz nəqliyyatının inkişafında müşahidə edilən müsbət dəyişikliklərdən və müasir tendensiyalardan danışıb, peşə bayramını qeyd edən dənizçiləri və onların ailələrinin hər bir üzvünü təbrik edib, zəngin təcrübəyə malik Azərbaycan dənizçilərinin onlara göstərilən yüksək etimadı layiqincə doğruldacağına əminliyini ifadə edib. Əməkdə fərqlənənlərə “Dənizçi günü” münasibətilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olunub. Sonda bütün dənizçilər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır