Türkmənbaşı limanında tranzit daşımalarının səmərəliliyinin artırılması üzrə görüş keçirilib
Türkmənbaşı Beynəlxalq Dəniz Limanında Türkmənistan və Azərbaycanın nəqliyyat qurumları tərəfindən birgə həyata keçirilən tranzit daşımalarının səmərəliliyinin artırılması üzrə Ekspert Qrupunun iclası keçirilib.
Hər iki ölkənin dəmir yolu, liman və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən qurumlarının nümayəndələrinin iştirak etdiyi görüşdə ASCO-nu İstismar-kommersiya departamentinin aparıcı mütəxəssisi Niyaməddin Aslanov təmsil edib.
İclasda 2025-ci ilin ilk 8 ayı ərzində tranzit yüklərin multimodal daşınmasında iştirak edən Azərbaycan və Türkmənistan nəqliyyat müəssisələrinin birgə fəaliyyətinin nəticələri, tranzit yüklərinin həcminin artımını çətinləşdirən maneələr, daşımaların səmərəliliyini artırmaq və artan yük axınlarına hazırlığı təmin etmək məqsədilə görüləcək tədbirlər müzakirə olunub.
Yekunda iştirakçılar görüşün gündəliyinə daxil olan məsələlər ətrafında aparılan müzakirələrə uyğun protokol tərtib ediblər. Tərəflər 5 iş günü ərzində protokolda nəzərdə tutulan tədbirlərin icrasına məsul şəxsləri və icra müddətlərini müəyyənləşdirməyi, eləcə də onların yerinə yetirilmə vəziyyətinə nəzarət üçün həftəlik onlayn görüşlər keçirməyi razılaşdırıblar.



