Dünyanın ən böyük bunkerləmə limanları və dəniz yanacağı təchizatçıları açıqlandı
Seanews.az xəbər verir ki, Çinin Çjouşan şəhərində keçirilən 8-ci Beynəlxalq Neft və Təbii Qaz Şirkətləri Konfransında (IPEC 2025) 2024-cü ilin nəticələrinə əsasən dünyanın ilk on bunkerləmə limanı və dəniz yanacağı təchizatçısı elan olunub.
Məlumata görə Sinqapur ardıcıl beşinci ildir ki, dünya üzrə lider bunkerləmə limanı statusunu qoruyur. Ötən il burada 54,92 milyon ton həcmində bunker yanacağı yüklənib. Çjouşan limanı isə dördüncü pillədə qalaraq mövqeyini qoruyub və həcminə görə üçüncü yerdə qərarlaşan Fuceyra limanına yaxın nəticə göstərib.
Dəniz yanacağı təchizatçıları arasında Çinə məxsus “China Marine Bunker (PetroChina)” – “Chimbusco” iki pillə irəliləyərək dünyanın birinci nömrəli bunker yanacağı təchizatçısı olub. Onu “Bunker Holding” və “Sinopec Fuel Oil Sales” şirkətləri izləyib.
Çjouşan Yüksək Texnologiyalar Zonası İdarə Komitəsi bu nailiyyətin Çinin bunkerləmə sənayesində artan rəqabət qabiliyyətini və yerli şirkətlərin inkişaf potensialını nümayiş etdirdiyini bildirib.
Komitə sədrinin müavini Tsuy Yilin tədbirdə Çjouşanın “ən səmərəli və ən aşağı xərcli qlobal bunkerləmə mərkəzinə çevrilməsi” istiqamətində on əsas nəticə və on yeni təşəbbüs proqramını təqdim edib. Bu təşəbbüslər sırasında dron vasitəsilə yanacaq çatdırılması, bunkerləmə prosesinin tam rəqəmsallaşdırılması və liman xidmətlərinin optimallaşdırılması kimi yeniliklər yer alır.
Komitə bildirib ki, görülən tədbirlər Çjouşanın yaxın illərdə dünyanın aparıcı gömrük nəzarətində fəaliyyət göstərən bunkerləmə mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm əsas formalaşdırır. Bu cür mərkəzlərdə yanacaq xarici gəmilərə gömrük rüsumu tutulmadan satılır.


