Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

“Şövkət” – dənizin qadın səsi və ruh gücü 

Oktyabrın 22-də Nizami Kinon Mərkəzində “Şövkət” filminin təqdimatı oldu.

Baxışı anşlaq keçən “Şövkət” filmi Azərbaycan kinosunun son illərdə qazandığı ən təsirli və dəyərli ekran əsərlərindən biridir, desək yanılmarıq. Etiraf edim ki, mən bu filmə baxanda sanki bir ekran işi deyil, bir həyat dərsini keçdim, şərəfli bir ömrün yaşantılarını tam olaraq ekranda izlədim, özümü o günlərin içində gördüm. Filmin hər kadrı, hər sözü, hər baxışı həm tarix, həm qadın iradəsi, həm də milli qürurdan bəhs edirdi. “Şövkət” təkcə bir insanın bioqrafiyası haqda deyil, həm də bir xalqın yaddaşında unudulmayan cəsarətinin yenidən dirçəlişi, təqdimidir.

Filmin qəhrəmanı — Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimova — həm həyat tərzi, həm də seçdiyi peşə ilə illər öncə qadın azadlığının, elm və zəhmətin simvoluna çevrilib, yaddaşlarda qalıb, lakin zaman keçdikcə az qala unudulub, yaddaşlarda silinməyə doğru gedib . O, 1920-ci ildə Lahıcda doğulsa da, filimdən öyrəndiyimiz kimi, Bakıda neftçi ailəsində böyüyüb. Hər kəsin inana bilmədiyi bir sahəyə bağlanıb, dənizçi olub və İkinci Dünya Müharibəsi illərində kişilərin üstünlük təşkil etdiyi dənizçilik sahəsində gəmiləri idarə edərək adını tariximizin şərəfli səhifələrinə əlavə etməklə tarix yazıb. Bu, sadəcə bir xanımın seçdiyi peşədə qazandığı uğuru deyil, həm də Azərbaycan xanımının ruhunun və iradəsinin qələbəsidir.

Filmin ideya müəllifi Mehman Mediyev, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Tural İbrahimov və Asif Rüstəmov, operator Rauf Qurbanəliyev, baş prodüser Tural İbrahimov və icraçı prodüser Səbinə Həsənova bu hekayəni tamaşaçıya dərin duyğu ilə çatdırmağı bacarıblar. Onların işi təkcə kino sənətinə yeni töhfə vermək deyil, həm də yaddaşın yenidən dirçəlməsi, dənizçilik tariximizin, müharibə illərində Azərbaycan neftçilərinin arxa cəbhədəki gərgin mübarizəsinin, ölkəmizin SSRİ-nin almanlar tərəfindən işğal olunan ərazilərdən köçürülən insanlara, yaralı döyüşçülərə sahib çıxmasının bir parçasıdır. Çəkilişlərin ASCO-ya məxsus real gəmilərdə aparılması filmin təsirini ikiqat artırıb. O dəniz səhnələri, küləyin səssiz uğultusu, dalğaların ritmi, işıqla kölgənin oyunu sanki tamaşaçını Xəzər dənizinin o günlərinə, ölümlə olumun birgə izlənildiyi anlara aparır.

Filmdə diqqətimi çəkən ən önəmli cəhət – Şövkət obrazının qəhrəmanlıqla idealizasiya edilməməsi, əksinə, real və təvazökar bir qadın kimi göstərilməsidir. Onun səssiz baxışlarında həm güc, həm qorxu, həm həyatın ağırlığı, həm də bir sevgi var, səssiz, dilə gətirilməyən saf bir sevgi. Bəlkə də filmin ən gözəl tərəfi elə bu sükutdur – bir qadının sükutla yaratdığı fırtına, gülümsər çöhrənin verdiyi, dilin susduğu bir mesaj.

“Şövkət” filmi həm texniki baxımdan, həm də emosional dərinliyinə görə yüksək səviyyədə çəkilib, oxucu ixtiyarına verilib. Tammetrajlı olmasa da filim öz dəyəri, məzmunu ilə heç qısametrajlı da deyil. Film mütəxissisi, kinoşünas olmasamda cəsarətlə deyirəm ki, filmin hər dəqiqəsində peşəkarlıq, detallara sevgi və tariximizə hörmət duyulur. Filmin nümayişi, əlbəttə çətin və şərəfli dənizçilik peşəsinə diqqətin, sevginin artmasına səbəb olacaq.

Xüsusi ilə qeyd etmək gərəkir ki, filmin musiqi tərtibatı sadə, amma ruhumuza yaxındır, ruhu oxşayandır; tamaşaçını nə kədərə, nə də nostaljiyə boğmadan, dənizin – dənizçi peşəsinin dərinliyinə endirir.

Bu filmi ərsəyə gətirən hər kəsə — rejissor Asif Rüstəmova, ssenari müəlliflərinə, operator və prodüser heyətinə, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bir dənizçi ailəsinin övladı, dənizçi kimi səmimi təşəkkürümü bildirirəm. Onlar sadəcə bir film çəkməyiblər, həm də Azərbaycan qadınının iradəsini, dənizin səssizliyində gizlənən ruhunu, keçmişin dərinliyindən gələcəyə uzanan bir ümid mesajını veriblər, sanki illər sonra dənizimizdə boy verərək şöhrətə imza atacaq xanım kapitanlarımızı canlandırıblar.

“Şövkət” filminəə baxarkən bir daha anladım ki, doğurdan da böyük qəhrəmanlar səssiz olur, onların səsini müasirləri, onlar da olmasa gələcək nəsillər eşitdirir, tanıdır, örnək olaraq göstərir. Bəzən bir qadının həyatı bütöv bir dəniz qədər dərin, dalğaları qədər güclü, sakitliyi qədər təsirli olur., qəhrəmanımız Şövkət Səlimova kimi.

Mən bu filmi çox bəyəndim — həm sənət, həm duyğu, həm də ruh baxımından. Bu, sadəcə baxılan yox, hiss edilən filmdir.

Tural BALABƏYLİ

şair, AYB-nin üzvü, Prezident mükafatçısı,

“DSD” İB-nin analatik informasiya şöbəsinin rəhbəri,

XDND-nin “Azərbaycan” kran gəmisinin matrosu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır