ASCO rəhbərliyi xarici sularda çalışan gəmilərə baş çəkib
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev, Texniki direktoru Rəşad Göyüşov və “ASCO Ship Management”in baş meneceri Çingiz Səfərov Xəzərdən kənarda fəaliyyət göstərən gəmilərə səfər edib.
Səfərin əsas məqsədi xarici sularda fəaliyyət göstərən ASCO gəmilərinin texniki vəziyyətini yerində qiymətləndirmək, təmir edilən gəmilərlə, eləcə də planlaşdırılan təmir proqramlarının gedişi ilə tanış olmaq, beynəlxalq sularda çalışan heyətin iş şəraiti, təhlükəsizliyi və sosial təminatı ilə bağlı məsələləri araşdırmaqdan ibarət olub.
Nümayəndə heyəti Türkiyənin Yalova bölgəsindəki tərsanələrin birində təmir ediləcək “Handysize” tipli “Murovdağ” gəmisinə baş çəkərək təmirə hazırlıq işləri ilə maraqlanıb, gəminin təchizat, təminat və ümumi vəziyyətinə baxış keçirib.
Rauf Vəliyev “Murovdağ” gəmisində çalışan azərbaycanlı heyət üzvləri – kapitanın III köməkçisi Rəşad Əliyev və IV mexanik Rəhman Lametov, eləcə də burada təcrübə keçən Nihad Məmmədzadə və Teymur Əliyevlə görüşüb. Sədr onların gündəlik fəaliyyəti, iş şəraiti və qayğıları ilə maraqlanıb, gənc dənizçilərə tövsiyələrini verib.
ASCO nümayəndələri Tuzla bölgəsində yerləşən Torlak tərsanəsində əsaslı təmir edilən “Qafur Məmmədov” quru yük gəmisinə də baxış keçiriblər. Burada bildirilib ki, təmir prosesi son mərhələdədir, gəminin yaxın günlərdə istismara qaytarılması planlaşdırılır.
Rauf Vəliyev “Qafur Məmmədov” gəmisinin heyət üzvləri ilə görüşüb, gəminin təmirdən sonra təhvil prosesinin təşkilinə dair tapşırıqlarını verib.







