Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Zəngilan mühüm nəqliyyat qovşağıdır

2020-ci il noyabrın 8-də Şanlı Ordumuz tərəfindən Şuşanın azad olunması bizim iradəmizin təzahürü idi. İki gün ondan sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib: “Aprelin 23-də (2023-cü il – red.) Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam şəkildə təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə ki, sentyabrın 20-də (2023-cü il – red.) biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, - bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, - bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər”.

Ölkə Prezidenti İlham Əliyev çıxşında vurğuladı ki, bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.

Ölkə başçısı qeyd etdi ki, Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etmişdir. Forum iştirakçı ölkələr arasında olan dostluğun təzahürüdür.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır.

Ölkə rəhbəri qeyd etdi ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi.

Dövlət başçısı bildirdi ki, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.

Dövlət başçısı söylədi ki, gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.

Ziddiyyətli bəyanatlardan söz açan ölkə rəhbəri vurğuladı ki, Ermənistanın rəhbərliyi bir tərəfdən deyirdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi.

Dövlət başçısının söylədiyi kimi, antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik. Güc və iradə mesajına gəlincə Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflər bizim səbrimizlə oynamasınlar.

Prezident İlham Əliyevin vurğuladığı kimi, 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır.

Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır.

Görünən odur ki, Azərbaycan Ordusu təkcə erməni separatçılarına, Ermənistan ordusuna qarşı döyüşmürdü, həm də dünyanın bir çox ərazilərində formalaşdırılmış terrorçu qruplarla, muzdlu qatil və döyüşçülərlə, xüsusi təyinatlılarla üz-üzə idi. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu şəraitdə parlaq qələbə qazandı.

44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu. İndi isə Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər ordumuzun həyata keçirtdiyi uğurlu  antiterror əməlliyyatları nəticəsində ölkəmizin suverenliyi bərpa olundu.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.

"Yeni Azərbaycan" qəzeti


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır