Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-10,
Seanews
Heyder Eliyev

2024: Azərbaycan üçün yeni imkanlar və uğurlar ili

2024-cü il sona çatdı, köçdü tarixin yaddaşına - ağrılı günləri, sevincli anları ilə. Ölkəmiz adına elə beynəlxalq layihələrə imza atıldı ki, bütün dünya “Azərbaycan” dedi. Təkcə elə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) keçirilməsini və uğurla sona çatmasını qeyd etsək, kifayətdir.

Əlbəttə, bədxahlarımız da az olmadı. Özlərini sivil, mədəni, inkişaf etmiş adlandıran elə ölkələr tapıldı ki, Avropanın mərkəzindən, okeanın o üzündən dişlərini qıcadılar. Bəzi qonşularımız tərəfindən də naqisliklər özünü az göstərmədi. Təbii ki, bunlar ancaq ürək bulandırdı.

Azərbaycanın əzəli və əbədi torpaqlarını Ermənistandan geri aldıqdan sonra geridə qoyduğumız 2024-cü ildə üçrəngli bayrağımızın külli Qarabağın ərazilərində dalğalandırılması çoxlarına xoş olmadı, əlbəttə. Amma Azərbaycan olaraq hərbi və iqtisadi gücümüzü sərgiləyə bildik. Şair demişkən, sübut etdik ki, VAR MİLLƏTİMİN İMZASI İMZALAR İÇİNDƏ! Ən böyük qürur yerimiz qalib ölkənin vətəndaşı olmağımızdır.

İqtisadi uğurlar, dedim, əlbəttə, bu uğurlarda təmsilçisi olduğum Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin də payı az deyil. Bu məni sevindirir. 40 ildən çox bir müddətdə çalışdığım sahənin ölkə iqtisadiyyatına verdiyi töhfələr, əldə etdiyi uğurlar təqdir ediləsidir. Beynəlxalq tədbirlərdə, ölkələrarası yükdaşımalarda, yeni gəmilərin tikilməsində, yeni iş yerlərinin açılmasında ASCO-nun göstəriciləri kifayət qədər çoxdur. Müharibə iştirakçıları olan, dənizçi ixtisaslarına sahiblənən gənclərin işlə təmin edilməsində göstərilən diqqət və qayğı isə birmənalı olaraq, digər strukturlarla müqayisədə də həddindən artıq irəlidədir.

Biz də “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi olaraq dənizçilərimizin sosial, mədəni həyatında yadda qalan layihələrə imza atdıq. “Peşə təhsilindən dünya sualarına qədər” və “Xəzərin çirklənmədən qorunması təşəbbüsləri” adlanan layihələrimiz məhz 2024-cü ildə həyata keçirildi. “İqlim dəyişmələrinin fəsadları ilə mübarizə, COP29-un qlobal mirası” adl layihə təklifimiz də 2024-cü ilin adına yazıldı.
Bütün bu uğurlar göstərir ki, Azərbaycan yalnız keçmişinin əzəmətini deyil, həm də gələcəyini inşa edir. Hər bir addımda güclü və parlaq bir gələcək üçün irəliləyirik.

Faiq BALABƏYLİ
şair, AYB-nin üzvü, “DSD” İB-nin İdarə Heyətinin sədri, gəmi kapitanı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır