Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-18,
Seanews
Heyder Eliyev

Dənizçilik tarixinin ayrılmaz hissəsi və ya ümid rəmzi - mayak

Milli Mayaklar Günü ABŞ-da hər il avqustun 7-də qeyd olunur. Bayramı 1989-cu ildə ABŞ Konqressi mayakların, buyların, ictimai dəniz körpülərinin quraşdırılmasını və onlara xidmətin göstərilməsini tənzimləyən qanunun 200 illiyi münasibətilə təsis edib. Əlamətdar gün dənizçilik təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan mayaklara və onlara xidmət göstərən insanlara – mayak baxıcılarına həsr edilib.

Baxmayaraq ki, 7 avqust yalnız həmin il üçün Milli Mayaklar Günü kimi qeyd edilib, o vaxtdan bəri fəallar dənizçiliklə bağlı mədəni irsin ayrılmaz hisəssi – mayakların da qorunmalı olduqlarına diqqət çəkmək məqsədilə onu hər il bayram kimi keçirməyə başlayıblar.

Milli bayram öz növbəsində daha bir təşəbbüsə meydan verib: avqustun üçüncü həftəsonunda ABŞ-nin radiohəvəskarları mayaklara gedərək portativ radiostansiyalar vasitəsilə bir-birləri ilə əlaqə yaratmağa başlayıblar ki, bu da sonradan ənənəyə çevrilib və Böyük Britaniya, Skandinaviya və digər dəniz ölkələrində yayılıb – hazırda “Beynəlxalq Mayak Həftəsi” adı ilə tanınır.

Mindən çox mayakın (üzən, habelə ön və arxa naviqasiya işıqları sistemidən ibarət mayaklar istisna olmaqla) olduğu ABŞ-da Amerika Mayaklar Fondu və digər təşkilatlar sözügedən milli bayramı fəal şəkildə təşviq edir və mayaklara həsr olunmuş müxtəlif tədbirlər, ekskursiyalar, habelə təhsil proqramları keçirir.

ABŞ-ın təşəbbüsündən bəhrələnən başqa ölkələrdə də bir çox mayaklar ziyarət üçün açılır və burada ekskursiya və təqdimatlarla bərabər, həm də mayaklara dair maarifləndirici mühazirələr, fotosərgilər, filmlərin nümayişi və dəniz festivalları keçirilir. Mayakların qorunması ilə məşğul olan təşkilatlar isə bu tarixi tikililərin bərpası və saxlanılması üçün vəsait toplamaq məqsədilə xeyriyyə aksiyaları keçirir. Sosial şəbəkələrdə mayakların əhəmiyyətinə diqqət çəkmək üçün #NationalLighthouseDay həştəqindən (və ya digər dillərdəki analoqundan) istifadə olunur.

Mayakların tarixindən

Əsrlərboyu dənizdə təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan mayakların əhəmiyyəti bugünədək azalmayıb. Düzdür, avtomatlaşdırma və rəqəmsallaşdırma sayəsində “mayak baxıcısı” peşəsi keçmişdə qalıb, lakin mayak hələ də öz mövqeyini qoruyub saxlayır və onun sisteminə vaxtaşırı texniklər baxış keçirirlər.

Min illərdir ki, mayakların işıqları qaranlıqda, zəif görünmə şəraitində gəmilərin dənizdə istiqamətlənməsinə kömək edir,  riflərin, qayaların və digər naviqasiya təhlükələrinin mövcudluğunu göstərir.

Hazırda dünyada 1500-ə yaxın aktiv mayak var və onların bir çoxu unikal obyektlərdir. Mayakların dənizçilərin həyatında oynadığı rola görə, onların inşasına ən yaxşı memarlar, mühəndis və ustalar cəlb olunurdu. Bu səbəbdən də onların bir çoxu memarlıq sənətinin incisi kimi mədəni irs siyahısına daxil edilib.

Məlumdur ki, ən qədim mayakın tikintisinə antik dövrdə – təxminən e.ə 283–cü ildə (bəzi mənbələrdə 285-ci ildə) Ptolomeylər sülaləsinin banisi I Ptolomey Soterin əmrilə başlanılıb. İsgəndəriyyə şəhəri (Misir) yaxınlığında yerləşən Faros adasında memar Sostrat Knidskinin rəhbərliyi altında inşa olunan mayak istismara faraon II Ptolomey Fladelfinin hakimiyyəti dövründə verilib. Ölçülərinə görə (təqribən 120–135 metr) dövrünün ən hündür dəniz naviqasiyası qurğusu olub və tikintisi xəzinəyə təxminən 800 talant (təxminən 23 ton) gümüşə başa gəlib: dünyanın yeddi möcüzəsindən biri sayılıb.

Əsrdən-əsrə liman şəhərinin strateji əhəmiyyətini artırmış İsgəndəriyyə mayakı dənizçilərə yol göstərməklə, gəmi qəzası riskini azaltmaqla bələdçi ulduz rolunda çıxış edib. Təəssüf ki, bu möhtəşəm tikili bir neçə güclü zəlzələdən sonra öz əvvəlki dayanaqlığını itirmiş və 1323-cü ildə baş verən növbəti zəlzələ zamanı tamamilə dağılmışdır.  

Lakin qədim mayaklardan günümüzədək gəlib çatanı da var. O, Heraklın qülləsi adlanır və İspaniyanın şimal-qərbindəki A-Korunya şəhərində yerləşir. Hesab edilir ki, 55 metrlik qüllə Roma imperiyasının çiçəkləndiyi dövrdə – 1-ci əsrin sonlarında və ya 2-ci əsrin əvvəllərində, imperator Trayanın hakimiyyəti (98–117-ci illər) illərində inşa edilib. Mayakın memarı Kay Serviy Lupo adlı mühəndis olub.

Hazırda bu qüllə yeganə fəaliyyət göstərən qədim Roma mayakıdır və  unikallığına görə 2009-cu ildən UNESCO tərəfindən mühafizə edilir.

Mayakların müasir insana tanış olan görkəmi təxminən XVIII əsrdə formalaşıb: məhz o dövrdə transkontinental ticarət sürətlə inkişaf edib. Ticarətin inkişafı ilə bərabər, tikinti sahəsində də yeniliklərin tətbiqi, daha etibarlı işıqlandırma texnologiyalarının yaradılması bu mühüm obyektlərin inşasına öz töhfəsini verib.

Formanın təkmilləşdirilməsi yeni növ mayakın meydana gəlməsinə yol açıb: çayda ilk üzən mayak 1729-cu ildə Temzanın mənsəbində istismara verilib. Üzən mayaklar, adından göründüyü kimi, gəmilərdə və ya platformalarda quraşdırılır.

Mayakların optik təchizatının inkişafında mühüm mərhələ 1820-ci ildə – işıq şüalarının intensivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verən Frenel linzalarının ixtirası ilə başlayıb.

XX əsrin əvvəllərində isə isveçli mühəndis-mexanik Nils Qustav Dalen mayakların işini avtomatlaşdırmağa imkan verən qurğu ixtira edib: Günəş klapanı. Qurğunun əhəmiyyətini vurğulamaq üçün qeyd etmək lazımdır ki, ixtiraçı Nobel mükafatına layiq görülüb və İkinci Cahan müharibəsindən sonra yazılmış «Dünyamızı hərəkətə gətirən həyatlar» kitabında onun haqqında məlumat yer alıb. Kitab əbəs yerə yazılmayıb: təkcə Dalenin ixtirası o dövrdə onlarla, bəlkə də yüz minlərlə insanın həyatını xilas edib.

Günəş klapanları gecələr mayakı yandırmaqla, günəşli havalarda söndürməklə həm də mayak baxıcılarının işini yüngülləşdirib: bundan sonra onların işi avadanlıqları saz vəziyyətdə saxlamaq və lazım gələrsə, təcili təmir işlərini görməkdən ibarət olub.

Mayakların vizual görüntüsü də zamanla dəyişib. Adətən mayaklar zolaqlı olur. Haqlı oaraq sual yaranır: niyə?

Burada məsələ mayakın məhz harada yerləşməsindən asılıdır. Tikilinin xarici divarları üçün rəng seçimi dənizə çıxan yaxtanın bort yazısı üçün rəng seçimindən fərqlənməyib, eyni prinsipə əsaslanır: rənglər ətraf mühitə münasibətdə kontrast olmalıdır.

Məsələn, əgər mayakın fonunda tünd qayalardırsa, divar üçün açıq – əsasən ağ rəngdən istifadə olunur. Lakin mayak açıq rəngli qayalar və ya qum fonundadırsa, əlavə qırmızı və ya qara zolaqlar tətbiq olunur. Beləliklə, mayak fonda kifayət qədər aydın şəkildə seçiləcəkdir.

                                   

Mayakların hündürlüyünə gəlincə, bu məsələ bilavasitə Yer kürəsinin əyriliyindən asılıdır. Hesab edirlər ki, mayak nə qədər yüksək olarsa, onun işığı uzaqdan görünəcək. Lakin bir nüans var:  sadəcə hündür mayak qurmaq kifayət deyil. Belə mayakın işığı həqiqətən də uzaqdan görünə bilər, ancaq sahil xəttinin yaxınlığından keçən gəmilər onu görməyəcək.

Odur ki, qayalar üzərində quraşdırılan mayaklar adətən dəniz səviyyəsində olan mayaklarla müqayisədə daha kiçik hündürlüyə malik olur. Beləliklə, qaya mayaklarının kiçik hündürlüyü qayaların hesabına kompensasiya olunur və həm yaxından, həm də uzaqdan görünürlər.

Mayaklar unikal işıq və səs siqnallarına malikdir. Görünən siqnal yaratmaq üçün optik sistemlərlə birlikdə güclü işıq mənbələrindən istifadə edilir. İşıq siqnalları işıq şüalarının uzunluğuna, tezliyi və rənginə görə dəyişə bilir.

Mayakın  işıqlanma rəngi qırmızıdırsa, bu, dənizçiləri riflər, qayalar və ya digər maneələr kimi naviqasiya təhlükələri barədə xəbərdarlıq edir. Qırmızı rəng diqqəti tez cəlb edərək, «ehtiyatlı ol» mesajını ötürür. Yaşıl işıq təhlükəsiz yolları və ya limanlara girişləri göstərən mayaklar üçün istifadə olunur: dənizçilərə doğru yolda olduqlarını bildirir.

Ağ işıq mayakda müxtəlif məqsədlər üçün, o cümlədən mayakın özünü digər işıq mənbələrindən fərqləndirmək məqsədilə istifadə edə bilərlər. Sarı işıq  daha az istifadə olunur: yalnız spesifik naviqasiya şərtlərini və ya xüsusiyyətləri vurğulamaq üçün.

                                          

Qarışıqlıq yaratmamaq üçün mayaklar bir-birindən yalnız görünüşü ilə deyil, həm də işıq və duman siqnalının unikallığı ilə fərqlənir. Təcrübədə təsdiqlənmişdir ki, eyni xüsusiyyətlərə malik mayaklar bir-birinə 80 mildən yaxın məsafədə yerləşməməlidir.

Hazırda istismarda olan mayaklar xüsusi avadanlıqların köməyi ilə uzaqdan idarə edilir. Mayaklar müxtəlifdir: radiomayaklar, radar mayakları, hidroakustik mayaklar və lazer mayakları.

Lakin innovativ texnologiyaların inkişafı ilə mayakların əksəriyyəti öz  bələdçilik funksiyasını itirib. Tarixi, mədəni və ya memarlıq dəyərinə malik olan mayaklar isə ya bu qisimdə olan obyektlər kimi qorunur, ya da «peşələrini» kökündən dəyişməklə insanlara xidmət edir: muzey, restoran və ya mehmanxana kimi.

Müasir dövrümüzdə artıq “mayak turizmi” adlanan səyahət növü də var.

 

Mayak turizmi bir çox ölkələrdə inkişaf edib. Bu, həm fəaliyyət göstərən, həm də tərk edilmiş mayakların öyrənilməsi, baxılması və bəzi hallarda isə yaşayış məqsədilə ziyarət edilməsini özündə ehtiva edən turizm növüdür.

Ziyarət obyekti kimi mayaklar turistlərə öz tarixləri, cihazları ilə tanış olmaq, həmçinin qülələrindən açılan möhtəşəm mənzərələrdən zövq almaq imkanı bəxş edir. Qonağın yerləşdirməsini təklif edən mayaklar isə ziyarətçilərə mayak baxıcısının həyat atmosferinə daha dərindən dalmağa imkan verir.

Turizmin bu növü mayakların qorunması və populyarlaşdırılması kimi xeyirxah missiyanı yerinə yetirməklə, əslində daha böyük iş görür: dənizçilik tarixini, ənənələrini və irsini özündə ehtiva edən dəniz mədəniyyətinə diqqət cəlb etməklə onun qorunmasına xidmət edir.

Mayaklara həsr olunmuş bir çox kitab, film və mahnılar var. Lakin burada uşaqlar üçün yazılmış “Ata və dəniz” kitabından mayak haqqında deyilmiş fikri bu yazını tamamlamaq üçün iqtibas kimi istifadə etmək daha məqsədəuyğun görünür:

Tuve Yansson,Finlandiya yazıçısı, rəssamı və dizayneri:  "Dünyada etibarlı bir şey varsa, bu mayak işığıdır. Dünyada mütləq şeylər var: dəniz axınları və fəsillər. Və o ki, səhər günəş çıxır. Və bu mayaklar işıq saçır "

 

 

MAYAKLAR HAQQINDA MARAQLI FAKTLAR

 

Dünyanın ən yüksək mayakı Səudiyyə Ərəbistanındadır. Ciddə limanının  mayak qülləsinin hündürlüyü 133 metrdir.

ABŞ-da hündürlüyü 30 metrdən çox olan 51 mayak var. Vaxtilə – 1886-cı ildən 1902-ci ilə qədər məşhur Azadlıq heykəli də mayak kimi istifadə edilib. Mayakların sayına görə isə ABŞ-ın ştatları arasında Miçiqan rekordçudur – 124 mayak.

 

 

                                                    

Mayak və onun siqnal işıqları haqqında elm mövcuddur – farologiya. 

XVII əsrə qədər Fransanın demək olar ki, bütün sahilləri qaranlığa qərq olurdu: dəniz quldurlarının gecə basqınlarından ehtiyat edib mayaklar inşa etmirdilər.

Dəniz fırtınalı olanda qayadakı mayak "yenilməz əsgər”i xatırladır. Təbiətin çoşmasına baxmayaraq, qürurla və sarsılmaz şəkildə öz çətin xidmətini həmişəki qaydada yerinə yetirir: gəmilərin yolunu işıqlandırır, dənizçiləri təhlükələrdən xəbərdar edir. Mayakın dayanıqlığı onu insanlar üçün ümid, yenilməzlik rəmzinə çevirib: taleyin dönüklüyünə və çətinliklərinə rəğmən davam gətirmək.

                                                  

Dünyada mayaklarla bağlı bir əlamətdar gün də var: 8 yanvar – Mayakın yandırılması günü.

Azərbaycanda 11 mayak var . Onlardan 9-u aktiv mayakdır. Ən böyüyü və daha “yaşlı”sı Abşeron mayakıdır: 1860-cı ildə  istismara verilib.

 

 

 

Lakin Azərbaycanın mayakları ayrıca mövzudur...

Sevda Abdullayeva,

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır