Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-25,
Seanews
Heyder Eliyev

Azərbaycanın ilk qadın gəmi kapitanının anadan olmasından 105 il ötür - VİDEO+FOTO

Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Şövkət Şahbaz qızı Səlimovanın anadan olmasından 105 il ötür. 

Şövkət Səlimova 1920-ci il dekabrın 25-də indiki İsmayıllı (o zaman Şamaxı qəzası) rayonunun Lahıc kəndində anadan olub. Atası Şahbaz kişi sonradan çoxuşaqlı ailəsi ilə Bakının Şubanı kəndinə köçüb.

On uşaqlı ailənin ilki olan Şövkət məktəbli ikən aviamodelçilər dərnəyinə üzv yazılıb. 1935-ci ildə Moskvada aviamodelçilərin toplanışında iştirak edərkən, hazırladığı model hamısından uzağa uçaraq ümumittifaq rekordu yeniləyib və daha üç il ona birinciliyi əldə saxlamaq imkanı verib. Bundan sonra Ş.Səlimova planerdə ilk uçuşunu həyata keçirib. Lakin təsadüf onun peşə seçimini dəyişdirib.

Jurnalda ilk qadın "uzaq səfərlər kapitanı" Anna Şetininanın fotosunu gördükdən sonra o da kapitan olmaq qərarına gəlib və məktəbdə təhsilini başa vuran kimi sənədlərini Bakı Su Nəqliyyatı Texnikumunun “Gəmi sürücüsü” fakültəsinə verib. Əmək fəaliyyətinə Odessa Dəniz Gəmiçiliyinin uzaq səfərlərə çıxan “Serqo” gəmisində kapitanın üçüncü köməkçisi kimi başlayıb və tezliklə öz dəyanəti, əzmi, biliyi və qətiyyəti ilə heyətin dərin hörmətini qazanıb. Bakıya qayıdan Ş.Səlimova Xəzər Gəmiçiliyinin gəmilərində kapitan işləyib. Müharibə başlayanda “Dnepr” gəmisinin kapitanı olub. Odlu-alovlu illərdəki şücaəti “Qırmızı Ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə” və “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə qiymətləndirilib.

Müharibədən sonra Şövkət xanım daha üç il sevdiyi peşəsi ilə məşğul olub. 1948-ci il sentyabrın 11-də onu respublika ali partiya məktəbinə oxumağa göndəriblər. 1950-ci ildə həm partiya məktəbini, həm də ekstern yolu ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Azərbaycan KP MK-da təbliğat-təşviqat şöbəsinin müdiri işləyib. 1954-cü ildə Azərbaycan Dövlət Heft və Kimya İnstitutunda müəllimlik fəaliyyətinə başlayıb. Mühəndis-iqtisad fakültəsinin dekanı, prorektor olub. Dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1971-ci ildə “Azərbaycanın Əməkdar iqtisadçısı” fəxri adına layiq görülüb. Dosent Ş.Səlimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında marksizm-leninizm kafedrasının müdiri işləyib, uzun illər “Bilik”cəmiyyəti Bakı təşkilatı sədrinin müavini olub.

Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Şahbaz qızı Səlimova 1999-cu ildə haqq dünyasına qovuşub.

Bu il AZCON Holding şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə Şövkət Səlimovaya həsr olunmuş bədii film çəkilib.

"Şövkət" adlı ekran əsərinin əsas məqsədi dənizçilik tariximizdə silinməz iz qoymuş xanımın həyat yolunu, həmçinin İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, eləcə də qadınların gəmiçilik sahəsindəki rolunu bədii dillə geniş tamaşaçı auditoriyasına çatdırmaqdır.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən artıq aktyor iştirak edib. Bu fədakar xanımın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar.

Bədii filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmovdur. Filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri isə Səbinə Həsənovadır.

Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və müxtəlif real məkanlardan geniş istifadə olunub. Həmçinin dövrün ruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb.

Film çərçivəsində hazırlanmış musiqini bəstəkar Tahir İbişov yazıb. Dirijoru Samir Əsədov olan ifanı "Cadenza Contemporary Orchestra" təqdim edib.

Səs yazısı Said Qaniyə məxsus olan həmin musiqinin solistləri Nigar Əsgərova, Tural Quliyev, Nurlan Abbas, Atabala Manafdzadədir. 

Filmin hazırlanması ərəfəsində xanım kapitanın ailəsi illərlə qorunub saxlanılan onlarla orijinal neqativ, səsyazısı və videomaterialı araşdırma üçün ASCO-ya təqdim edib.

Təxminən 40-50 il əvvələ aid olan bu materialların bir qismi klassik arxiv lentləri, maqnit səsyazıları və fotoqrafik neqativlər kimi dövrün texnologiyaları ilə qeydə alınıb. Onların müasir dövrə uyğunlaşdırılması məqsədilə xüsusi rəqəmsallaşdırma avadanlıqları və arxiv bərpa texnologiyaları tətbiq edilib.

Bundan başqa, aparılan araşdırmalar zamanı məlum olub ki, Xalq artisti Flora Kərimovanln 1979-cu ildə oxuduğu  “Sular qızı” romansı Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya ithaf olunub.

Romansın musiqisi Xalq artisti Şəfiqə Axundovaya, sözləri isə Mustafa İsgəndərzadəyə aiddir.

Əsərdə dalğalarla mübarizə aparan, amma hər zaman zərifliyini qoruyan qadın obrazı vasitəsilə Azərbaycan xanımlarının həm gücü, həm də incəliyi tərənnüm olunur.

Görkəmli dənizçi xanımın əziz xatirəsini anadan olmasının 105 illiyi günündə böyük hörmətlə yad edirik. 

Sevda Abdullayeva

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır