Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq"

Avropanın Azərbaycan qazına tələbatı getdikcə artır. Təsadüfi deyil ki, bu il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin çıxışı bu mövzuya həsr olunmuşdu və məhz belə adlanırdı: "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu".  

Ölkəmizin enerji təhlükəsizliyindəki mühüm fəaliyyəti "Əsrin müqaviləsi" çərçivəsində çıxarılan nefti nəql etmək üçün Bakıdan Novorossiykə və Ceyhana qədər çəkdiyi  ixrac boru kəmərlərindən başlandı. Elə burada qeyd edək ki, uzun illərdir Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 2006-cı ilin yayında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin nəql etdiyi neftlə yüklənmiş ilk tankerin İtaliyaya yola salınması da təbii və qanunauyğun bir hadisə idi.

Xəzərin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağının işlənməsi ilə ölkəmizin enerji strategiyası şaxələndi. Təsdiq edilmiş qaz ehtiyatlarımız   ümumilikdə  2,6 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıya çevirib. Başqa sözlə, bu, Azərbaycandan İtaliyaya, Xəzərin sahilindən Adriatik dənizinin sahilinədək uzanan "Cənub qaz dəhlizi"ni çəkməyə imkan verib. Dəhliz üç boru kəmərini birləşdirir. 

Bunlar Azərbaycanın və Gürcüstanın ərazisindən keçən genişləndirilmiş  CQBK (Cənubi Qafqaz Boru Kəməri), Türkiyədə böyük məsafə qət edən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və mavi yanacağı Avropaya çatdıran TAP (Trans-Adriatik Qaz Boru Kəməri) xətləridir. Dəhlizin uzunluğu 3500 kilometr təşkil edir.

Dövlətimizin başçısı dəhlizin mürəkkəb texniki infrastruktur olduğunu xatırladaraq demişdir: "Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Ötən ay Bakıda Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq".

"Azərbaycandan İtaliyaya əlavə qazın nəqli mümkündürmü?" Çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən Prezident İlham Əliyev bu məsələyə bir daha aydınlıq gətirib: "Əlavə qaz həcmi nəql olunmaqdadır. Bu il bu rəqəm təqribən 10 milyard kubmetr təşkil edəcək. Ötən illə müqayisədə bu, daha çoxdur. Lakin əlavə qaz həcmi üçün biz TAP-ın texniki imkanlarını artırmalıyıq - 10 milyarddan 20 milyard kubmetrə qədər. Nəzərə almaq lazımdır ki, bizim TAP-da payımız yalnız 20 faizdir. Digər səhmdarlar da razılığa gəlməli və birgə sərmayə layihəsini planlaşdırmalıyıq. Bunu isə tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə - 20 milyard kubmetrə qədər artıraq. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq".

Avropaya qaz ixracının ikiqat artırılması üçün  vacib addımlar atılmalıdır, yəni siyasi qərarlar verilməli, texniki tədbirlər həyata keçirilməli və sərmayə yönəldilməlidir. Belə ki, "Cənub qaz dəhlizi"nin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Onu 32 milyard kubmetrə çatdırmaq planlaşdırılır. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir, imkanları isə ən azı 20 milyard kubmetrə çatdırılmalıdır. Bu, əlavə maliyyə vəsaiti tələb edir və məsələdə komandanın digər üzvlərinin iştirakı zəruridir.

Prezidentimiz çıxışında eyni zamanda bildirmişdr ki, biz Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu görürük: "Burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verilməyə yaxındır. Həmin qəbildən olan digər layihələr də var. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Ümumiyyətlə, deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan biz qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı

10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq. Burada bizdən bu vaxta qədər onsuz da qaz alan ölkələr də var - Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digərləri. Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik".

Həm də söhbət təkcə təbii qazdan getmir. Buraya həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxıldir. Beləliklə, Azərbaycan enerji strategiyasının üçüncü mərhələsinə gəlib çatıb. Bu,  bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Ölkəmiz həmin prosesə hələ bir neçə il əvvəl başlayıb. Artıq bərpaolunan enerji sahələrindəki  potensial da dəyərləndirilib. Bunun təkcə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavat təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.

Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsi başlayıb. Belə ki, hazırda Azərbaycanda bərpaolunan enerji layihələri reallaşır. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. Perspektivdə yeni layihələrin gerçəkləşməsi dayanır.  Bir neçə ay əvvəl Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci il iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavənin  imzalanması bunun əyani təsdiqidir.

Prezident  İlham Əliyev bildirib ki, bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək, ixrac potensialımızı gücləndirəcək. Qaldı ki, elektrik enerjisini Avropaya necə nəql edəcəyimizə, bu barədə dövlətimizin başçısı belə deyib: "Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq". 

Flora SADIQLI,

"Azərbaycan"


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır