Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Gəmi yanğınında saxta ehtiyat hissələri izi

Böyük Britaniyanın Dəniz Qəzalarının Təhqiqi Şöbəsi (MAIB) 25 yanvar 2025-ci ildə Şotlandiyanın Fert-of-Fort körfəzində "Kommandor Susan" tədqiqat gəmisində baş vermiş mühərrik qəzası və yanğınla bağlı hesabatını dərc edib.

"Seanews.az" xəbər verir ki, sınaq yürüşləri zamanı gəminin dizel generatorunda baş verən kəskin nasazlıq maşın şöbəsində yanğına və enerjinin tamamilə kəsilməsinə səbəb olub. Heyətin çevik müdaxiləsi nəticəsində yanğın söndürülsə də, gəmi idarəetməni itirərək dreyf etməyə başlayıb. Elektrik kəsildiyi üçün lövbər bucurqadları işləməyib və gəmi yalnız qismən bərpa olunan hərəkət qabiliyyəti ilə Leyt limanına qaytarılıb.

Təhqiqat nəticəsində məlum olub ki, qəzaya əsas səbəb 2019-cu ildəki əsaslı təmir zamanı orijinal olmayan (saxta) mühərrik hissələrinin istifadə edilməsidir. Həmçinin müəyyən edilib ki, mühərrikə texniki qulluq müddətinin uzadılmasına dair icazə verilsə də, bu qərar yalnız orijinal hissələrin istifadəsi fərziyyəsinə əsaslanıb. Gəmi sahibinin təmir prosesinə və podratçılara nəzarətdə yol verdiyi boşluqlar bu keyfiyyətsiz hissələrin quraşdırılmasına şərait yaradıb.

Hadisə ilə bağlı rəsmi tövsiyə verilməsə də, baş müfəttiş gəminin əvvəlki sahibi "Hays Ships Limited" şirkətinə məktub yazaraq kritik təmir işlərində ciddi nəzarət və hesabatlılıq sisteminin vacibliyini xatırladıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır