Kanada altı yeni buzqıran gəmi inşa edəcək
Kanada Sahil Mühafizəsi üçün altı yeni buzqıran gəminin inşasına 11 milyard Kanada dollarından (7,95 milyard ABŞ dolları) çox vəsait ayrılacaq.
“Seanews.az” xəbər verir ki, ölkənin Baş naziri Mark Karni müqaviləni Kvebek əyalətinin Levi şəhərindəki “Chantier Davie” gəmiqayırma zavodunda elan edib. Bütün gəmilər burada inşa olunacaq.
Tikinti işlərinə 2027-ci ildə başlanacaq, ilk gəminin 2032-ci ildə, bütün donanmanın isə 2038-ci ilədək istismara verilməsi planlaşdırılır. Yeni gəmilər Kanadanın köhnəlmiş ağır və orta sinif buzqıranlarını əvəz edəcək, qış aylarında Atlantik Kanadada, Müqəddəs Lavrenti və Böyük Göllər bölgəsində gəmiçilik yollarının açıq saxlanılmasına, yay aylarında isə Arktikada fəaliyyətə cəlb olunacaq.
Gəmilərin uzunluğu 110–120 metr təşkil edəcək. Onlar 1,4 metr qalınlığında buzda 3 düyün sürətlə hərəkət edə və orta ölçülü Sahil Mühafizəsi helikopterini qəbul edə biləcək. Gəmilərin 11 düyün sürətlə təxminən 20 000 dəniz mili məsafə qət etməsi nəzərdə tutulur.
Kanadanın bu addımı Arktikada buzqıran donanmalarının yenilənməsi üzrə genişlənən beynəlxalq səylərin bir hissəsidir. ABŞ, İsveç və Cənubi Koreya da yeni buzqıran gəmilərin inşası üzrə layihələr həyata keçirir.

