“Conoship” tam elektriklə işləyən yük gəmisi layihəsini təqdim edib
Niderlandın gəmi layihələndirmə və mühəndislik şirkəti “Conoship International” qısa məsafəli dəniz daşımaları üçün tam elektriklə işləyən, sıfır emissiyalı yeni yük gəmisi layihəsini təqdim edib.
“Seanews.az” xəbər verir ki, 89 metr uzunluğunda olan gəmi 40 MVt·st (MWh) tutumlu batareya sistemi ilə təchiz ediləcək. 3 800 dedveyt ton (DWT) yükdaşıma qabiliyyətinə malik gəminin 10 düyün sürətlə 350 dəniz mili, 8 düyün sürətlə isə 650 dəniz mili məsafə qət etməsi nəzərdə tutulur.
Gəminin toplu yüklərin, ümumi və layihə yüklərinin daşınması, həmçinin qısa məsafəli marşrutlarda və yaşıl gəmiçilik dəhlizlərində istismarı planlaşdırılır.
Şirkət bildirir ki, layihə artıq sınaqdan çıxmış gəmi platforması əsasında hazırlanıb və xüsusilə Skandinaviya fyordlarında, eləcə də sıfır emissiya tələblərinin tətbiq olunduğu ərazilərdə istifadə üçün nəzərdə tutulub. Elektrik infrastrukturunun məhdud olduğu marşrutlarda isə əlavə olaraq bioyanacaqla işləyən kiçik generatorun quraşdırılması mümkündür.

