Mumbay limanında kran qəzası gəmi yanğınına və iki nəfərin xəsarət almasına səbəb olub
Hindistanın Mumbay limanında yükqaldırma əməliyyatı zamanı qəza baş verib.
“Seanews.az” xəbər verir ki, təxminən 140 tonluq yük qaldırılarkən onun bərkidilməsində istifadə olunan qayışlardan biri sürüşüb və ya qırılıb. Nəticədə yükqaldıran kran avtomobili müvazinətini itirərək aşıb, kranın oxu limanda dayanmış “Vienna” quru yük gəmisinin üzərinə düşüb və yanğın baş verib.
Barbados bayrağı altında üzən, 52 224 dedveyt tutumlu “Vienna” gəmisi bir neçə gün əvvəl Çindən Mumbay limanına gəlib.
Qəza nəticəsində iki kran operatoru yanıq xəsarətləri alıb. Limanın yanğınsöndürmə xidmətləri alovu nəzarətə götürüb, yük əməliyyatları isə müvəqqəti dayandırılıb.
Polis hadisə ilə bağlı təhlükəsizlik tələblərinə riayət olunub-olunmadığının araşdırılacağını bildirib. Gəminin nə qədər zərər gördüyü hələlik məlum deyil.

