Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Sualtı internet-kabelləri barədə 10 FAKT

Hər gün küçələrdə 100 kilometrlərlə naqili birləşdirən telefon dirəkləri və yerə basdırılmış xətlər barədə xəbərdarlıq nişanları ilə qarşılaşırsınız. Bu, əslində qlobal şəbəkə xətlərinin bir hissəsidir. Başlıca kommunikasiya xətləri soyuq okean dərinliklərindən keçir.

Bu məqalədə biz sizə sualtı naqillər barədə 10 maraqlı faktı təqdim edəcəyik:

1. Kabelin quraşdırılması ləng, yorucu və böyük vəsait tələb edən prosesdir.

Beynəlxalq məlumatların 99%-i okean dibindən keçən naqillərlə ötürülür. Onlar sualtı kommunikasiya kabelləri adlandırılır və uzunluqları ümumilikdə 100 minlərlə mildən çoxdur, belə kabelləri hətta 9 km dərinlikdə çəkirlər.

Kabellərin quraşdırılması xüsusi gəmilər vasitəsilə həyata keçirilir.Onlar yalnız yük bərkidilmiş kabelləri okean dibinə atmaqla kifayətlənmirlər, eyni zamanda kabellərin düz səthdən keçməsinə nəzarət edirlər. Kabelin keçdiyi ərazidə mərcan rifləri, batmış gəmi qalıqları və digər maneələr olmamalıdır.

Dayaz ərazilərdən keçən kabelin diametri 6 sm, dərinlikdən keçənlər isə bir qədər nazik, marker qalınlığında olmalıdır. Fərq sadə faktorla əlaqəlidir. Belə ki, 2 km-dan çox dərinlikdə praktiki olaraq heç nə baş vermir, bu səbəbdən kabelin üzərinə sinkli qoruyucu örtük çəkilmir. Kiçik dərinlikdən keçən naqillər yüksək təzyiqli su ilə qazıntı aparılaraq okean dibində basdırılır. Sualtı kabelin 1 milinin çəkiliş xərci ümumi uzunluğu və təyinatından asılı olaraq dəyişir. Bu proses 100 milyonlarla dollara başa gəlir.

2. Köpək balıqları İnternet naqillərini yeməyə çalışır 

Sualtı kabelləri gəmirməyin nə səbəbdən köpək balıqlarının xoşuna gəldiyi heç kəsə bəlli deyil. Ola bilsin ki, müəyyən mənada elektromaqnit sahələri ilə əlaqəlidir və ya sədəcə maraqlı gəlir. Köpək balıqları sözün həqiqi mənasından İnternetimizi çeynəyir və bəzən naqillərin izolyasiyasını zədələyirlər. Buna cavab olaraq Google kimi şirkətlər öz kommunikasiyalarının üzərini müdafiə kevları ilə örtürlər.

3. İnternet xətləri su altında da torpaqdakı kimi zəifdir

 

Hər il buldozerlər çoxlu sayda yeraltı kommunikasiya xətlərini sıradan çıxarır, okeanda oxşar tikinti texnikasının olmamasına baxmayaraq naqillər su altında çoxlu sayda başqa təhlükə ilə üzləşə bilər. Köpək balıqlarından başqa, gəmilərin lövbərləri, balıqçı torları və müxtəlif təbii fəlakətlər zədələnməyə səbəb ola bilər.  

Torontoda yerləşən şirkətlərdən biri Tokio və Londonu birləşdirən belə naqilləri Arktikadan çəkməyi təklif edib. Əvvəllər bu mümkünsüz hesab edilirdi, lakin iqlim dəyişib və buz örtüyünün əriməsi sayəsində adıçəkilən layihəni tam həyata keçirmək mümkündür. Bunun üçün isə böyük vəsait tələb olunur.

4. Sualtı naqillərdən istifadə heç də yeni ideya deyil  

 Amerika və Avropa arasında sualtı teleqraf xətti  1854-cü ildə Nyufaundlend və İrlandiyanı əlaqələndirən ilk transatlantik teleqraf kabelinin çəkilişi başlayıb. Artıq 4 il sonra ilk məlumat ötürülüb.

5. Casuslar sualtı kabelləri çox xoşlayırlar 

Soyuq müharibənin “ən qızğın çağı”nda SSRİ tez-tez iki hərbi-dəniz bazası arasında zəif şifrlənmiş məlumatlar yayımlayıb. Rusiyalı zabitlərin sözlərinə əsasən, məlumatların daha güclü şifrlənməsinə ehtiyac olmayıb, belə ki, bazalar birbaşa sovet ərazi sularında yerləşən sualtı kommunikasiya kabelləri ilə birləşib. Onlar ABŞ-lıların heç vaxt bu naqillərə çıxış əldə etməyə çalışmağa risk etməyəcəklərini hesab edirdilər.

Lakin sovet hərbçiləri xüsusi təchiz olunmuş “Halibut” sualtı qayığını nəzərə almamışdılar. O, müdafiə sensorlarından yayınmaq qabiliyyətinə malik idi. ABŞ qayığı sualtı kabeli tapıb və üzərində nəhəng dinləyici qurğu quraşdırıb, bundan sonra hər ay yazılan bütün məlumatları toplamaq üçün geri qayıdıb. Sonralar “Ivy bells” adı altında şifrlənmiş əməliyyat barədə məlumat Milli Təhlükəsizlik Agentliyinin keçmiş analitiki Ronald Pelton tərəfindən SSRİ-yə satılıb. Hazırda sualtı internet-kabellərin dinlənilməsi əksər casus agentliklər üçün standart prosedurdur.

6. Hökumətlər casusluqdan yayınmaq üçün sualtı kabellərdən istifadə edirlər 

ABŞ elektron casusluq sahəsində digər dövlətlər qarşısında üstünlüyə malik olub: onların alimləri, mühəndisləri və korporasiyaları qlobal telekommunikasiya infrastrukturunun tikintisində fəal iştirak ediblər. Məlumatların başlıca axını ABŞ sərhədi və ərazi sularından keçir və bu çoxlu sayda məlumatı ələ keçirməyə imkan verir.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş analitiki Edvard Snouden tərəfindən oğurlanmış sənədlər açıqlanan zaman bir çox ölkələr ABŞ casus idarələrinin fəaliyyətini hiddətlə qarşılayıb. Misal üçün, Braziliya Portuqaliyaya qədər sualtı kommunikasiya kabeli çəkməyə qərar verib. Bundan əlavə onlar ABŞ şirkətlərinə layihə hazırlığında iştirak etməyə imkan vermirlər.

7. Sualtı internet-kabellər peyklərdən daha sürətli və ucuzdur

Hazırda orbitdə təxminən 1 000 peyk var, kometalara zondlar göndəririk və hətta Marsa eniş missiyası planlaşdırırıq. 

Optik kabellər və peyklərin təxminən eyni zamanda ixtira edilməsinə baxmayaraq kosmik aparatlarda iki əsas çatışmazlıq var: gecikmə və məlumatların zədələnməsi. Kosmosa məlumatların göndərilməsi və əldə edilməsi çox vaxt aparır.

Optik liflər məlumatı praktiki olaraq işıq sürəti ilə ötürə bilir.  

8. İnternet xətlərinə yetirilən zərərlər

Sualtı kommunikasiya kabelində yüksək gərginlik olduğuna görə, onu kəsməyin çətin olduğu məlumdur. 2013-cü ildə Misirdə  sualtı kommunikasiya kabeli kəsilib. O zaman İsgəndəriyyə şəhərindən şimalda hidrokostyumlu bir neçə nəfər saxlanılıb. Üç qitəni birləşdirən kabelin ümumi uzunluğu 12 500 mil olub. Hadisə nəticəsində Misirdə internet-birləşmə sürəti 60% aşağı düşüb. 

9. Sualtı kabelləri təmir etmək asan iş deyil

 

Əgər masanızın arxasında yerləşən lokal şəbəkə kabelinin əvəzlənməsini çətin və əzablı proses hesab edirsinizsə, o zaman möhkəm bağ şlanqını okean dibində təmir etməyin necə olduğunu düşünün.  Sualtı kommunikasiyalar zədələnəndə oraya xüsusi təmir gəmiləri göndərilir. Naqil bir o qədər dərinlikdən keçmədiyi zaman robotlar zədələnmiş hissəni qeydə alır və su səthinə dartırlar. Əgər kabel dərinlikdədirsə (1900 metrdən) mühəndislər suyun dibinə xüsusi qurğu buraxır, naqili qaldırır və birbaşa suyun üzərində təmir edir.

10. Sualtı internet xətlərinin istismar müddəti 25 ildən çox deyil

Sualtı kabelin istismar müddəti 25 ildən çox deyil. Belə ki, göstərilən müddətdən artıq istifadə iqtisadi baxımdan sərfəli olmur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır