Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-30,
Seanews
Heyder Eliyev

Antarktidada əriyən “Məhşər günü” buzlağı Dünya okeanının səviyyəsini 3 metr qaldıra bilər

Antarktidanın ən qeyri-sabit buzlaqlarından biri sayılan buzlaq, necə deyərlər, amanabənddir, çünki temperaturun bütün dünyada artması vəziyyətin bundan sonra da pisləşməsi təhlükəsi yaradır və bütün regionda buzlaqların sabitliyini poza bilər. Onun parçalanması baş verərsə, Dünya okeanının səviyyəsi 3 metr qalxa və bir çox ölkədə sahilboyu zonaları cənginə keçirə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Nature Geoscience” jurnalında dərc olunan tədqiqatın nəticələrində deyilir. Alimlərin qənaətinə görə, Qərbi Antarktidadakı Amundsen dənizində yerləşən Tueyts buzlağı xırda bir təkandan belə sürətlə əriməyə başlaya və iki dəfə daha tez parçalana bilər. Çünki ilıq və sıx dərinlik suyu buz kütləsinin boşluğuna istini yayaraq onun aşağıdan şelf buzlarını əridir. Alimlərin fikrincə, Tueyts buzlağı regionda ən sürətlə dəyişən buzlaqlardan biridir. Amundsen dənizində yerləşən Payn adası ilə bərabər, bu iki struktur Antarktidanın hüdudlarından kənarda dəniz səviyyəsinin artmasına öz böyük “töhfə”lərini verir. Geoloq Fredrik Tervill Tueytsin şərəfinə adlandırılan və “Məhşər günü” buzlağı adı ilə tanınan nəhəng Tueyts buzlağı Yer kürəsində ən enli buzlaqlardan biri hesab olunur, ölçüsü Amerikanın Florida ştatı ilə müqayisə edilir.

Yaxınlıqda yerləşən Payn-Aylend və Tueyts buzlaqlarının 2020-ci ildə dərc edilən peyk təsvirlərində dərin çatlar və açıq parçalanma sahələri görünür. Bu, onu sübut edir ki, hər iki buzlaqda yerdəyişmə zonaları son on il ərzində struktur baxımdan zəifləyib.

Alimlər vurğulayırlar ki, bu kəşf Antarktika buz lövhələrinin ağırtərpənən və iqlim dəyişmələrinə asta reaksiya verəcəyinə dair daha əvvəl mövcud olan ümidləri alt-üst edib. Ötən ilin dekabrında Kolorado Universitetindən olan alimlər Tueyts buzlağının tam parçalanana qədər bir neçə il tab gətirəcəyini proqnozlaşdırmışdılar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır