Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Qafur Məmmədov adına parkda qəhrəmanın 100 illiyi qeyd edilib

Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrinin birgə təşkilatçılığı ilə Səbail rayonunda Qafur Məmmədovun adını daşıyan parkda dövrünün ən yüksək mükafatı olan “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüş həmyerlimiz Qafur Nəsir oğlu Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunan vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyi rəsmilərinin, hərbi dənizçilərin, müharibə veteranlarının, ziyalı və məktəblilərin, eləcə də Səbail rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir başlamazdan öncə hərbi orkestrin müşayiəti ilə qəhrəmanın büstü qarşısına qızılgül çələngi qoyulub, Qafur Məmmədovun timsalında Vətənimizin şəhid oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq deyib: “Qəhrəmanlıq xalqımızın qanına hopmuş ali bir hissdir. Qəhrəmanlıqla ölmək əbədi həyat qazandırır. Qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzun olur. Qədirbilən xalqımız əsrlər boyu qəhrəmanlıq ənənələrini qoruyaraq davam və inkişaf etdirmiş, qəhrəmanların şəninə zaman-zaman dastanlar bağlamış, igid oğulların adlarını həmişə uca tutmuşdur. Ən böyük əsərdir dünyada hünər, o da övlad kimi doğulsun gərək!”.

Polkovnik A.Qurbani diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinə həmişə sonsuz ehtiram və məhəbbətlə yanaşmış, torpaqlarımıza təcavüz edən yadelli işğalçıların qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının həyat və rəşadətlərini yüksək qiymətləndirmiş, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəf və vicdanla davam etdirməyi məsləhət görmüşdür.

Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir. Ata-babalarımızın keçdiyi şanlı döyüş yolundadır. Hər bir xalq bu yolu keçib. Əgər bu gün hər hansı xalq tarix səhnəsindədirsə, deməli, onun tarixi inkişafında, xalq kimi formalaşmasında özünəməxsus qəhrəmanlıq ənənələri olmuşdur.

Gələn il 100 illik yubileyini təntənə ilə qeyd edəcəyimiz görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan Respublikası gənclərinin birinci formunda çıxışı zamanı digər qəhrəmanlarla yanaşı, Qafur Məmmədovun da adını böyük iftixar hissi ilə çəkdiyi vurğulanıb. Ulu Öndərin söylədiyi “Biz onları böyük hörmət və ehtiram hissi ilə xatırlayırıq... Atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqiliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır” fikirlər günümüzün şuarına çevrilib.

Nəzərə çatdırılıb ki, Qafur Məmmədov 1922-ci il oktyabrın 5-də Bakının Qala kəndində anadan olub. Məşhur “Qırxlar” nəslindəndir. (Bir çox mənbələrdə anadan olduğu gün martın 5-i göstərilməsinə baxmayaraq arxiv sənədləri onun oktyabrın 5-də doğulduğunu təsdiq edir).

1941-ci ilin avqustunda könüllü olaraq müharibəyə yollanan Qafur Məmmədov Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada taborunda matros-rabitəçi vəzifəsində xidmət edib. Qəhrəman şəhər Sevastopolun müdafiəsində fərqlənib. Krasnodar diyarının Tuapse şəhəri yaxınlığında ağır döyüşlər zamanı əsl qəhrəmanlıq nümunələri göstərib. 13 düşmən avtomatçısını və minaatan heyətini məhv edib. Komandirini düşmən atəşindən qoruyaraq qəhrəmancasına həlak olub. 1943-cü il martın 31-də igid həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

Azərbaycan oğullarının yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərə malik olduğunu, dostluğa, qardaşlığa xüsusi önəm verdiyini döyüş meydanlarında dəfələrlə təsdiq edən qəhrəmanımızın xatirəsinə bir çox xalqların, o cümlədən Azərbaycanın şair və yazıçıları ən gözəl əsərlərini həsr edib, adı əbədiləşdirilib. Süleyman Rüstəmin “Qafurun qəlbi” adlı şeiri Qafur Məmmədovun şərəfinə yazılan böyük bir ədəbi abidədir.

Dahi lider Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti cənab İlham Əliyev də hərb tariximizə xüsusi önəm verir və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın qəhrəman övladlarının adlarının əbədiləşdirilməsi istiqamətində bir çox layihələr reallaşır.

Bu ilin baharında, yağışlı bir may səhərində, 9 May - Qələbə Günündə dövlətimizin başçısının Şəhidlər xiyabanına gələrək görkəmli sərkərdə Həzi Aslanovun abidəsini ziyarət etməsi igid oğullarımızın xatirəsinə böyük ehtiramın təcəssümüdür.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan park yenidən qurulub və ölkə rəhbəri 2011-ci il mayın 9-da burada yaradılan yeniqurma işləri ilə tanış olmaq üçün parka gəlmiş, qəhrəmanın abidəsini ziyarət edərək onun qohumları ilə görüşmüşdür.
2016-cı il noyabrın 18-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Qafur Məmmədov adına quru yük gəmisinin istismara verilməsi mərasimində cənab İlham Əliyevin şəxsən iştirakı da qəhrəmanımızın xatirəsinə dövlət səviyyəsində göstərilən böyük diqqətin təsdiqidir.

Hərbi Dəniz Qüvvələri İdeoloji İş və Mənəvi-Psixoloji Təminat şöbəsinin rəisi polkovnik Kamil Məmmədov, İkinci Dünya müharibəsi veteranı Ağabala İsgəndərov, Müdafiə Nazirliyinin zabiti polkovnik Elvin Əzizov, Respublika Veteranlar Təşkilatı sədrinin müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov, uzun müddət Qafur Məmmədovun adını daşıyan Azərbaycan Dəniz Yolları məktəbində çalışmış texnika üzrə fəlsəfə doktoru Hacı Babayev, Səbail rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova və başqaları çıxış edərək bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə Qafur Məmmədov kimi qəhrəman oğulların olduğunu qeyd edib, onların rəşadət və şücaətlərindən söhbət açıblar. Hərbi dənizçilərimizin də 44 günlük Vətən müharibəsində Zəfər tariximizə yeni-yeni parlaq səhifələr yazdıqları xüsusilə qeyd edilib.

Səbail rayonundakı R.Hüseynov adına 49 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söyləyib, hərbi orkestrin ifasında müharibə illərinin marşları səsləndirilib.

Qəhrəmanın qardaşı qızı Tamilla Məmmədova göstərilən yüksək diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, əmisi haqqında eşitdiyi xatirələri bölüşüb, bu abidə qarşısında Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşünü həyatının ən xoş anları kimi yada salıb.

Vətənpərvərlik tədbiri Hərbi Dəniz Qüvvələrinin hərbi orkestrinin ifa etdiyi Rüfət Axundzadənin “Qələbə” marşı, xatirə şəkilinin çəkilməsi ilə başa çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır