Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Neft sənayemizin canlı əfsanəsi adına...

"Akademik Xoşbəxt Yusifzadə" tankeri istismara verildi və bu, sıradan bir hadisə deyil, özündə bir neçə mühüm məqamı birləşdirir. Prezident İlham Əliyevin  mərasimdə iştirak etməsi hadisənin  önəminə bir daha diqqət çəkir.

Əvvəla, gəminin  adı haqqında. Həyatda olan şəxsin adının hər hansı bir infrastruktura, o cümlədən gəmiyə verilməsi heç də tez-tez rast gəlinən hal deyil. Necə deyərlər, bu, yüz, bəlkə də min  dəfədən bir   olur.  Məsələn, Azərbaycanın dəniz nəqliyyatı tarixində 1957-ci ildən sonra ilk dəfədir hər hansı bir gəmiyə həyatda olan şəxsin adı verilir.  

Yeni tankerə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adının verilməsi 93 yaşlı görkəmli neftçi-geoloqumuzun həqiqətən də Azərbaycanın neft sənayesinin canlı əfsanəsi olduğunun təcəssümüdür. Qeyd edək ki, tankerə bu ad 2020-ci il yanvarın 15-də Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin əlavə tədbirlər haqqında imzaladığı sərəncama əsasən verilib. 

Bu, həyatı uzun illərdir dənizlə, Xəzər nefti ilə bağlı olan bir insana Prezidentin böyük dəyər verməsi,  qayğıkeşlik göstərməsi deməkdir.  Xoşbəxt müəllim  bunu  həm özünə, həm də Azərbaycanın böyük neftçilər ordusuna diqqət kimi dəyərləndirir: "Hörmətli Prezident, doğrudan da,  mənə böyük qiymət verdiniz, doğrudan da, mənə çox böyük bir hədiyyə etdiniz. Bu, Sizin təkcə mənə yox, bütün neftçilərə olan hörmətinizdir".

"Akademik Xoşbəxt Yusifzadə" tankeri  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.  Gəminin  uzunluğu 141, eni 16,9 metr, yükgötürmə qabiliyyəti 7800 tondur, daimi heyəti 15 nəfərdən ibarətdir. Suya oturumu isə ASCO-nun digər tankerləri ilə müqayisədə maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır. İnşasına 2019-cu ilin avqustunda başlanan  "Akademik Xoşbəxt Yusifzadə" sözügedən zavodda tikilən 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən "Laçın" (2019-cu il, dekabr) və "Kəlbəcər" (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, "Akademik Xoşbəxt Yusifzadə" ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

Beləliklə, "Akademik Xoşbəxt Yusifzadə" tankerinin inşası, eyni zamanda son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. ASCO-nun Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 25 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafının tam təmin olunmasının  təzahürüdür. Belə ki, bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları özü istehsal edir. Bakıdakı zavodlarda gəmilərin istehsalı, o cümlədən "Akademik Xoşbəxt Yusifzadə" tankerinin inşa olunaraq istismara verilməsi buna əyani misaldır.

"Akademik Xoşbəxt Yusifzadə" tankeri kimi əhəmiyyətli gəmiçilik, həmçinin neft infrastrukturunun həyata vəsiqə aldığı bir gündə Ümummilli Lider Heydər Əliyevin xatırlanmaması qeyri-mümkün idi. Bu işlər  Ulu Öndərin qoyduğu ənənələrin böyük uğurla davam etdirilməsidir. Neft sənayemizin canlı əfsanəsi ötən illərin xatirələrini vərəqləyərək dedi:"Cənab Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra bütün sahələrlə maraqlandı, hər yerlə, bizim neftçilərlə də maraqlandı. O vaxt dənizin dərinliyi 40 metr olan bütün sahələrində yataqlar kəşf olunmuşdu. Amma gəmiçilikdə gəmilər yox idi, az bir müddətdə 400-dən artıq gəmi aldı, kran gəmiləri, yükdaşıyan gəmilər. Bunların hamısı indi adları dünyada məşhur olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının kəşf olunmasına imkan verdi. Doğrudan da, cənab Heydər Əliyev sanki neçə il öncə gələcəyi görürdü. Doğrudan da, böyük işlər gördü".

1970-ci illər Azərbaycan neft sənayesinin həqiqətən də yeni inkişaf dövrü olmuşdur.   Ulu Öndərin gərgin mübarizəsi ilə tikilməsi Azərbaycanda mümkün olan və indi Ümummilli Liderin adını şərəflə daşıyan Bakı Dərin Özüllər Zavodunun adı da təsadüfən xatırlanmadı. Xoşbəxt Yusifzadə ilə söhbət edərkən Prezident bunu da vurguladı: "Siz də yaxşı xatırlayırsınız ki, biz "Əsrin kontraktı" üzərində işləməyə başlayanda bu Dərin Özüllər Zavodunun bizdə olmasının nə qədər böyük əhəmiyyəti var idi. Çünki əgər bu zavod olmasaydı, bizim bütün kontraktlarımızın icrası bəlkə də 5-10 il gecikə bilərdi. Yəni o vaxt bunu etdi və müstəqillik dövründə Heydər Əliyev neft strategiyasının icraçıları kimi biz sizinlə "Əsrin kontraktı" üzərində digər yoldaşlarla bərabər işləmişik və o günləri də həmişə xatırlayırıq. Bu gün inkişaf edən, güclənən Azərbaycanın təməli məhz o vaxt qoyuldu. Əgər o kontrakt imzalanmasaydı, bizim gəlirlərimiz olmayacaqdı. Gəlir olmayan yerdə hər hansı bir inkişafdan söhbət gedə bilməz".

9 il bundan əvvəl istismara verilən  Bakı Gəmiqayırma Zavodu isə Prezident İlham Əliyevin qərarı ilə tikilib.  

"O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var. Deməli, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır. Biz hər il bir neçə tanker, quru yük gəmisi, "Ro-Ro" gəmisi, bərə inşa edə bilirik", - deyə Prezident bildirib.   

Vurğulayaq ki, "Akademik Xoşbəxt Yusifzadə" tankeri kimi müasir, mükəmməl  bir gəmi də öz infrastrukturumuzdan istifadə olunmaqla, yəni sözügedən zavodumuzda tikilib. Faktın şərhə ehtiyacı yoxdur... 

Flora SADIQLI
"Azərbaycan"


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır