Konteyner gəmisinin gediş-gəliş səfəri 84 gün çəkəcək
“Orient Overseas Container Line Ltd.” (“OOCL”) ilk 24 188 TEU tutumlu meqa konteyner gəmisini təhvil alıb.
Şirkətdən “SeaNews”-a verilən məlumata görə, gəmi Nantongda “Nantong COSCO KHI Ship Engineering Co., Ltd” (“NACKS”) zavodundan keçirilən mərasimdə "OOCL Spain" adlandırılıb.
“OOCL” şirkətindən “NACKS”-a cəmi altı belə gəmi sifariş edilib. Tikinti müqaviləsi 2020-ci ildə imzalanıb. Bu, “COSCO”-nun mülkiyyətinə keçdikdən sonra donanmanı yeniləyən ilk təzə gəmidir.
Uzunluğu 399,99 metr olan konteynerdaşıyanın tikintisində səmərəliliyi və naviqasiya təhlükəsizliyini artırmaq üçün ən son texnoloji nailiyyətlərdən istifadə edilib.
Asiya-Avropa marşrutunda istismar ediləcək "OOCL Spain" konteynerdaşıyanın ilk səfəri marta planlaşdırılır.
Gəminin Şanxay - Siyamen - Nanşa - Honkonq - Yantiyan - Cay Mep - Sinqapuo - Pirey - Hamburq - Rotterdam - Zebruqqe - Valensiya - Pirey - Abu Dabi - Sinqapur – Şanxay xətti üzrə gediş-gəliş səfərinin müddəti 84 gün olacaq.