Sükan sistemində nasazlıq səbəbindən konteyner gəmisi Kolkata yaxınlığında saya oturub - VİDEO
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Kolkata şəhərindən təxminən 50 km cənubda, Diamond Harbour yaxınlığında Hooghly çayında sahil bəndinə çırpıldıqdan sonra saya oturub. Hadisəyə gəminin sükan sistemində yaranan nasazlıq və çaydakı güclü axınların səbəb olduğu bildirilir.
13 852 dedveyt tutumlu "Regional Container Lines" (RCL) şirkətinə məxsus "Nawata Bhum" Malayziyanın "Port Klang" limanından Kolkata şəhərində yerləşən "Syama Prasad Mookerjee Port" limanına doğru hərəkət edirdi. Gəmi dönüş manevrindən çıxmağa çalışarkən onun sükan mexanizmi ilişib.
Hadisə çərşənbə günü baş verib. Gəminin burnu Nurpur bərə körpüsü yaxınlığında çayın sahil bəndinə ilişərək saya oturub. Hadisə zamanı ərazidə heç bir bərə olmayıb və xəsarət alan olmayıb. Bununla belə, konteyner gəmisi çayın sahilinin bir hissəsinə və kiçik bir yola ziyan vurub.
Gəmidə olan "Syama Prasad Mookerjee Port Authority"nin pilotları toqquşmadan dərhal sonra liman rəhbərliyinə məlumat veriblər.
"Nawata Bhum" bir neçə saat saya oturmuş vəziyyətdə qaldıqdan sonra yerli vaxtla saat 22:30 radələrində, yüksək su səviyyəsi zamanı yedək gəmilərinin köməyi ilə sahildən çıxarılıb.
Yerli medianın məlumatına görə, gəminin gövdəsinə zərər dəyməyib və gəmi yedəklə Kolkata limanına doğru hərəkət edə bilib. Cümə axşamı səhər saatlarında isə iki yedək gəmisinin hələ də hadisə yerində olduğu bildirilib.

