“HMM”-nin xalis gəliri 7,9 milyard dollar təşkil edib
Cənubi Koreyanın ən böyük konteyner daşıyıcısı “HMM”-in mənfəəti yüksək tariflər və aşağı xərclər sayəsində 2022-ci ildə əvvəlki illə müqayisədə təxminən 89% artıb.
“Seanews.az”-ın məlumatına görə, 2022-ci ildə “HMM”-in konsolidə edilmiş xalis gəliri 7,9 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 88,6% çoxdur. Satışlar 35% artaraq 14 milyard dollara çatıb.
Keçən il əldə edilən gəlir şirkətin 1976-cı ildə yarandığı gündən bəri ən yüksək gəliridir. Gəmiçilik şirkəti hesabat dövründə əldə olunan rekord nəticələri bütün marşrutlar üzrə yüksək yükdaşıma tarifləri ilə izah edir. Həmçinin, göstəricilərə böyük tutumlu konteyner gəmilərinin xəttə cəlb olunması, bununla həm də xərclərin azalması təsir edib.
Ancaq, “HMM” 2023-cü ildə dənizdə yükdaşıma tariflərinin kəskin şəkildə aşağı düşəcəyini ehtimal edir ki, bu da gəlirlərin azalmasına səbəb ola bilər.

