İspaniya hakimiyyəti “Maersk Magellan” gəmisinə Tarraqona limanına yan almasına icazə verməyib
Rusiya mənşəli dizel yanacağı daşıdığı ehtimal olunan “Maersk Magellan” gəmisinin İspaniyanın Tarraqona limanına yan almasına icazə verilməyib.
Bu barədə İspaniya Nəqliyyat Nazirliyinin rəsmi saytında məlumat verilib.
Dəniz Administrasiyası, ölkəyə giriş qadağasını “Maersk Magellan” tərəfindən daşınan yükün əvvəllər 2022-ci il iyulun 1-dək Rusiya bayrağı altında üzən “Nobel” gəmisi ilə gətirilməsi, daha sonra “Kamerun” gəmisinə ötürülməsi ilə izah edib.
“Qadağa 2022-ci il aprelin 16-dan sonra Rusiya bayrağı altında qeydiyyatdan keçmiş hər hansı gəminin, eləcə də 24 fevral 2022-ci il tarixindən sonra bayrağı dəyişdirmiş Rusiya gəmilərinin Aİ ərazisinə girişini qadağan edən Avropa qaydalarına uyğun olaraq qəbul edilib”, - deyə məlumatda bildirilir.
“Maersk Magellan”-ın Aralıq dənizində “Elephant” gəmisindən “yan-yana” dizel ötürülməsi əməliyyatı həyata keçirdiyi bildirilir. Dəqiqləşdirmələr zamanı mənşə sertifikatı üzə çıxıb və orada “Nobel”lə gətirildiyi qeyd olunub.

