Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-09,
Seanews
Heyder Eliyev

Son Husi hücumundan 100 gün keçsə də, Süveyş kanalı ilə daşımalar hələ də çox aşağı səviyyədə qalır

Sonuncu Husi hücumundan üç aydan çox vaxt keçməsinə baxmayaraq, Süveyş kanalı ilə gəmi keçidləri kəskin şəkildə aşağı səviyyədə qalır.

"Seanews.az" xəbər verir ki, bu da gəmi operatorlarının Qırmızı dəniz marşrutuna qayıtmaqda hələ də ehtiyatlı davrandığını göstərir.

BIMCO-nun məlumatına görə, son hücumun baş verdiyi tarixdən — 29 sentyabrda "Minervagracht" gəmisinin vurulmasından artıq 100 gün ötüb. Husilər hücumların dayandırıldığını bundan 43 gün sonra elan etsələr də, kanal üzrə tranzit həcmlərində hələlik ciddi bərpa müşahidə olunmur.

BIMCO-nun baş gəmiçilik analitiki Nils Rasmussen bildirib ki, 2026-cı ilin ilk həftəsində Süveyş kanalı ilə keçidlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə hələ də təxminən 60% aşağı olub. Bu isə Ümid burnu ətrafından kütləvi yayınmaların başlamasından əvvəlki dövrlə müqayisəni əks etdirir.

2023-cü ilin noyabrından bu yana təxminən 100 gəmi hücuma məruz qalıb və ya ələ keçirilib. Hücumların bir qismi 2023-cü ilin sonlarında baş versə də, Süveyş kanalı üzrə daşımaların kəskin azalması əsasən 2024-cü ilin yanvarından etibarən qeydə alınıb. 

Bu mənzərə 2025-ci il ərzində də ciddi dəyişməyib. Süveyş kanalı üzrə dwt tranzitləri böhrandan əvvəlki səviyyələrlə müqayisədə 57–64% aşağı qalıb. Ən böyük azalma konteyner daşımalarında müşahidə olunub. 2025-ci ilin dördüncü rübündə konteyner gəmilərinin keçidi 2023-cü illə müqayisədə 86% azalıb. Eyni dövrdə balker gəmiləri üzrə azalma 55%, xam neft tankerləri üzrə 32%, məhsul tankerleri üzrə isə 19% təşkil edib.

Məhsul tankerleri bu mənzərədə əsas istisna olub. Yüksək fraxt tarifləri bu seqmentdə fəaliyyət göstərən gəmilərin daha çoxunun yenidən Süveyş kanalına qayıtmasına stimul verib. 2025-ci ilin son rübündə məhsul tankerlerinin tranziti 2023-cü illə müqayisədə cəmi 19% azalıb. Halbuki 2024-cü ildə bu göstərici 45% idi.

Konteyner daşıyıcıları isə əsasən marşrutdan kənarda qalmaqda davam edir. Bununla belə, "CMA CGM" 2026-cı ilin yanvarından etibarən "MEDEX" və "INDAMEX" xidmətlərini yenidən Süveyş kanalı üzərindən həyata keçirəcəyini açıqlayıb. "Maersk" də dekabr ayında ehtiyatlı addım ataraq "Maersk Sebarok" gəmisini 2024-cü ilin əvvəlindən sonra kanaldan keçən ilk "Maersk" gəmisi kimi tranzit edib. Şirkət bildirib ki, növbəti reyslər təhlükəsizlik şəraitinin onların tələblərinə uyğun qalmasından asılı olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır