Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-10,
Seanews
Heyder Eliyev

"Imabari" Yaponiyanın ikinci ən böyük gəmiqayırma şirkətinin alınmasını tamamlayıb

"Imabari Shipbuilding" Yaponiyanın ikinci ən böyük gəmiqayırma şirkəti olan "Japan Marine United" (JMU) üzərində nəzarət payının alınmasını yekunlaşdırıb.

"Seanews.az" xəbər verir ki, məqsəd Çin və Cənubi Koreya şirkətləri ilə artan rəqabətə cavab verməkdir.

"Imabari" bildirib ki, "JMU"-da 60% pay əldə edib və bununla da şirkət törəmə quruma çevrilib. Nəticədə istehsal həcminə görə Yaponiyanın ən böyük gəmiqayırma qrupu formalaşıb. Birləşmiş qurum tonnaj üzrə dünyada dördüncü ən böyük gəmiqayırma şirkəti mövqeyinə yüksəlib.

Hər iki şirkət artıq bir neçə ildir əməkdaşlıq edirdi. 2021-ci ildə gəmi dizaynı və satış sahəsində kapital və biznes alyansı qurulmuşdu. Tam satınalma planları isə 2025-ci ilin iyununda elan olunmuşdu ki, bu da əməliyyat və strategiyaların daha dərin inteqrasiyasına yol açıb.

Mətbuat konfransında çıxış edən "Imabari"nin prezidenti və baş icraçı direktoru Hiqaki Yukito bildirib ki, sövdələşmənin əsas səbəbi sürətli miqyaslanma ehtiyacıdır. Onun sözlərinə görə, hər iki şirkət qlobal rəqiblərlə mübarizə aparmadan yaşamağın mümkün olmadığı fikrində ortaqdır və bu addım rəqabət üstünlüyünü gücləndirərək çevik qərarverməni təmin edəcək.

"JMU"-nun prezidenti Hirose Takaşi isə razılaşmanı daha geniş milli kontekstdə dəyərləndirərək, böyüdülmüş qrupun yalnız rəqabət qabiliyyətinə deyil, həm də Yaponiyanın iqtisadi təhlükəsizliyinə və məşğulluq bazasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Bu addım Yaponiya hökumətinin gəmiqayırma sənayesinə diqqəti artırdığı bir dövrə təsadüf edir. Nəqliyyat Nazirliyinin siyasət sənədlərində 2030-cu illərin ortalarına qədər ölkədə parçalanmış tərsanə bazasının bir, iki və ya üç iri gəmiqayırma qrupunda birləşdirilməsi nəzərdə tutulur. Strategiya açıq şəkildə Çinin artan üstünlüyünə qarşı yönəlib.

Plana əsasən, Yaponiya daxili gəmiqayırma gücünü təxminən 18 milyon gross ton səviyyəsinə qədər ikiqat artırmağı və tikinti xərclərini 10% azaltmağı hədəfləyir. 2034-cü ilə qədər mərhələli investisiyalar avtomatlaşdırma, tərsanələrin modernləşdirilməsi, süni intellekt və robot texnologiyalarının tətbiqinə yönələcək. Məqsəd məhsuldarlığı artırmaq və beynəlxalq rəqabət qabiliyyətini bərpa etməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır