Qətər və “MSC” Misrata limanının genişləndirilməsinə 2,7 milyard dollar sərmayə yatırır
Qətərdə yerləşən bir fond dünyanın aparıcı dəniz nəqliyyatı şirkətlərindən olan “Mediterranean Shipping Company” (MSC) ilə Liviyanın Misrata limanının inkişafı məqsədilə 2,7 milyard dollar məbləğində investisiya sazişi imzalayıb.
"Seanews.az" xəbər verir ki, razılaşma çərçivəsində həyata keçiriləcək layihə Misrata limanının illik yükaşırma gücünün 4 milyon TEU-ya çatdırılmasını nəzərdə tutur. Neft sektoru istisna olmaqla, Liviyanın ən mühüm limanı hesab edilən Misrata ölkənin ümumi konteyner dövriyyəsinin təxminən üçdə ikisini təmin edir.
Layihə Misrata Azad İqtisadi Zona İdarəsi (MFZ), Qətərdə yerləşən “Maha Capital Partners” və “MSC” Qrupuna daxil olan liman operatoru “Terminal Investment Limited” (TIL) ilə əməkdaşlıq çərçivəsində icra olunacaq.
Misrata Azad İqtisadi Zona İdarəsinin prezidenti Muhsin Siqutri bildirib ki, bu tərəfdaşlıq Misratada yeni sahələrin inkişafına yol açacaq müasir və beynəlxalq rəqabətə davamlı infrastrukturun qurulmasına yönəlib.
Qeyd olunur ki, bu investisiya Liviyanın logistika və dənizçilik infrastrukturunun modernləşdirilməsi baxımından mühüm dönüş nöqtəsi olacaq.

