"CMA CGM" Süveyş kanalından yan keçərək ehtiyatlı mövqe nümayiş etdirir
Dünyanın üçüncü ən böyük konteyner daşıyıcısı olan "CMA CGM" husilərin ticarət gəmilərinə qarşı üç aylıq atəşkəsindən sonra şirkətlərin yenidən Süveyş kanalına kütləvi şəkildə qayıdacağını gözləyən analitiklərin fikrinə qarşı fərqli mövqe ortaya qoyub.
"Seanews.az" xəbər verir ki, “mürəkkəb və qeyri-müəyyən beynəlxalq vəziyyəti” əsas gətirən şirkət açıqlamasında ötən il Süveyş kanalına ilk qayıdan marşrutlardan olan FAL 1, FAL 3 və MEX xətlərinin yenidən daha uzun Ümid burnu marşrutu ilə hərəkət edəcəyini bildirib.
Danimarkalı daşıyıcı "Maersk" ötən həftə Qırmızı dənizə struktur səviyyəsində ilk qayıdış addımını ataraq Yaxın Şərq və Hindistanı ABŞ-nin şərq sahili ilə birləşdirən MECL xidmətini yenidən marşrutlaşdırması ilə gündəmə gəlmişdi. Qırmızı dənizə qayıdış məsələsində böyük daşıyıcılar arasında ən ehtiyatlı mövqe tutan "Maersk"in bu addımı analitiklər tərəfindən Asiya–Avropa arasında ənənəvi marşruta yaxın aylarda kütləvi dönüşün başlanğıcı kimi qiymətləndirilmişdi. Lakin "CMA CGM"in Marseldəki qərargahından verilən açıqlama həmin gözləntiləri sual altına alıb.
Son 10 gündə ABŞ və İranın bir-birinə qarşı daha sərt ritorika nümayiş etdirməsi fonunda Yaxın Şərq sularında gərginlik artıb. İran bildirib ki, ABŞ-ın mümkün zərbəsi kommersiya gəmiçiliyinin Tehranın hədəfinə çevrilməsinə səbəb ola bilər.
"Drewry" gəmiçilik konsaltinq şirkətinin icraçı direktoru Philip Damas bildirib ki, Süveyş kanalı marşrutuna qayıdış bu ilin daşıma tutumu, fraxt dərəcələri, tranzit müddətləri və yanacaq sərfiyyatına təsir edən əsas amillərdən biridir.

