Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-21,
Seanews
Heyder Eliyev

Dəniz quldurluğu və dəniz cinayətləri artır

Beynəlxalq Dəniz Bürosu (IMB) 2025-ci ilin hesabatını açıqlayıb. Məlum olub ki, ötən il dünyada dəniz quldurluğu və silahlı basqın halları artıb.

"Seannews.az" xəbər verir ki, ümumilikdə 137 hadisə qeydə alınıb (2024-cü ildə 116, 2023-cü ildə 120). Bunların içində 121 gəmi ələ keçirilib, 4 gəmi qaçırılıb, 2 gəmi atəşə tutulub, 10 cəhd isə uğursuz olub.

Xüsusi narahatlıq doğuran məqam isə cinayətkarların silahlı olmasıdır. 2025-ci ildə 42 hadisədə basqınçılar odlu silah daşıyıb (2024-cü ildə bu rəqəm 26 idi). Bıçaqdan istifadə isə bir qədər azalıb – 33 hadisə (2024-cü ildə 39).

Ekipaj üzvlərinə qarşı zorakılıq davam edir. 2025-ci ildə 46 nəfər girov götürülüb (2024-cü ildə 126), 25 nəfər qaçırılıb (2024-cü ildə 12), 10 nəfər hədələnib, 4 nəfər yaralanıb, 3 nəfər isə hücuma məruz qalıb.

Ən çox hücum gəmilər hərəkətdə olarkən baş verib – 88 hadisə. Hərəkətdə olan gəmi lövbərdə dayanan gəmiyə nisbətən üç dəfə çox risk altındadır. Ən həssas tip isə yük gəmiləridir (50 hadisə), konteyner və məhsul tanker gəmilərində isə təxminən 20 hadisə qeydə alınıb.

Coğrafi baxımdan ən çox hadisə Cənub-Şərqi Asiyada baş verib – 95 hadisə. Xüsusilə Sinqapur boğazı diqqət mərkəzindədir: 75 gəmi ələ keçirilib, 5 cəhd qeydə alınıb. İndoneziyada isə 11 hadisə baş verib. Sinqapur boğazında cinayətkarların odlu silahdan istifadəsi kəskin artıb – 2025-ci ildə 27 hadisə, 2024-cü ildə isə cəmi 8. Burada 14 ekipaj üzvü girov götürülüb, 8 nəfər hədələnib, 3 nəfər yaralanıb, 1 nəfər hücuma məruz qalıb. Əksər hallarda cinayətkarlar avadanlıq və ehtiyat hissələri oğurlayıb qaçıblar.

İlin ikinci yarısında Sinqapur boğazı və İndoneziya ətrafında hadisələrin azalması müşahidə olunub. Bu, iyulda İndoneziya Dəniz Polisi tərəfindən iki quldur dəstəsinin tutulması ilə əlaqələndirilir.

Qvineya körfəzində isə yerli hakimiyyətin səyləri nəticəsində vəziyyət sabit qalıb – 2025-ci ildə 21 hadisə (2024-cü ildə 18, 2023-cü ildə 22).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır