Los-Anceles limanında yanan gəmi təmir üçün Asiyaya göndərildi
Yanğından zərər görən “ONE Henry Hudson” gəmisi təmir üçün Asiyaya yola salınıb
“Seanews.az” xəbər verir ki, Los-Anceles limanında baş vermiş ciddi yanğından təxminən iki ay sonra 8 212 TEU tutumlu “ONE Henry Hudson” konteyner gəmisi təmir işləri üçün Sakit okeanı keçərək Asiyada yerləşən tərsanələrin birinə doğru hərəkət edir. Lakin gəminin operatoru “Ocean Network Express” (ONE) onun hansı ölkə və limanda təmir olunacağı barədə məlumat verməyib.
Bununla belə şirkət müştərilərə bildirib ki, yüklərin boşaldılması prosesi bazar ertəsi günü tam başa çatdırılıb. Bütün konteynerlər “Yusen Container Terminal” ərazisində ayrılmış sahələrdə saxlanılır və yüklərin geri alınması üçün göndəricilərdən ümumi qəza (general average) ödənişi tələb olunur.
Los-Anceles Yanğınsöndürmə İdarəsinin məlumatına görə, yanğın gəminin alt göyərtəsində, ehtimal ki, elektrik mənbəyindən başlayıb və bir neçə səviyyəyə yayılıb. Orta göyərtədə baş verən partlayış nəticəsində gəmidə elektrik enerjisi kəsilib, işıqlandırma və kran sistemləri sıradan çıxıb.
Yanğının təhlükəli miqyası səbəbindən gəmi limandan çıxarılaraq “Angel’s Gate” mayakı yaxınlığında lövbər yerinə aparılıb. Bu, həm söndürmə və soyutma işlərinin davam etdirilməsinə, həm də liman infrastrukturu üçün risklərin azaldılmasına imkan verib.

