Tailand sahillərində batan yük gəmisi ilə bağlı xilasetmə işləri başlayıb
Tailand sahillərində batan “Sealloyd Arc” yük gəmisi ilə bağlı xilasetmə və çirklənmənin qarşısının alınması əməliyyatlarına başlanılıb.
“Seanews.az” xəbər verir ki, mütəxəssislər gəminin yerini suyun altında tapmaq üçün səs dalğaları ilə işləyən xüsusi axtarış cihazlarından istifadə ediblər. Axtarış nəticəsində gəmi 61 metr dərinlikdə aşkar edilib və yerini göstərmək üçün nişan qoyulub.
Səthdə aparılan yoxlamalar zamanı az miqdarda dizel sızması müşahidə olunub. Neft ləkəsinin yayılmasının qarşısını almaq üçün əraziyə qoruyucu baryerlər yerləşdirilib və xüsusi kimyəvi maddələr tətbiq olunub.
Əməliyyat çərçivəsində su üzərində qalan konteynerlərin toplanmasına başlanıb. İndiyədək 19 konteyner təhlükəsiz əraziyə çəkilib. Göyərtədə olan 79 konteynerdən bəzilərinin suya düşdüyü ehtimal edilir. Gəminin yük anbarında isə 218 konteyner qalır.
Axtarış və bərpa işləri güclü külək və dalğalı hava şəraitinə baxmayaraq davam etdirilir.

