Kasablanka limanında 85 konteyner dənizə düşüb
Mərakeşin Kasablanka limanında konteyner gəmisindən təxminən 85 konteynerin dənizə düşməsi nəticəsində liman əməliyyatları müvəqqəti dayandırılıb. Konteynerlərin liman girişində suyu bağlaması naviqasiya təhlükəsizliyini qeyri-mümkün etdiyi üçün gəmilərin hərəkəti dondurulub.
“Seanews.az” xəbər verir ki, "Hapag-Lloyd" tərəfindən idarə olunan və Yunanıstana məxsus olan 258 metrlik "Ionikos" gəmisi Kasablanka limanından yola düşdükdən sonra şiddətli fırtınaya düşüb. Güclü dalğalar nəticəsində gəminin göyərtəsindəki 85-ə yaxın konteyner dənizə aşıb. Hadisədən sonra Türkiyə, Nigeriya və Qərbi Afrika marşrutu üzrə hərəkət edən gəmi sahildən 6 mil aralıda lövbər salıb.
Hadisə yerinə Kral Dəniz Jandarmiyası və Kral Donanmasına aid 5 kater və bir helikopter cəlb olunub. Gecə saatlarında baş verən hadisə konteynerlərin yerini müəyyənləşdirməyi çətinləşdirsə də, hazırda yedəkçi gəmilər suyun üzərindəki yüklərin yanında növbə çəkir. Yerli medianın məlumatına görə, konteynerlərdə avtomobil hissələri, mebel və istehlak malları olub. Hətta bir konteynerin parçalanması nəticəsində "Nestle" markalı qidalar sahilə vurub.

