Qlobal iqtisadi gərginlik gəmi utilizasiyası bazarını sınağa çəkir
2026-cı ilin 11-ci həftəsi üzrə "GMS" tərəfindən yayımlanan hesabatda bildirilir ki, neft qiymətlərinin və fraxt xərclərinin artması qlobal inflyasiyanı sürətləndirib. ABŞ dollarının möhkəmlənməsi isə gəmi təkrar emalı (utilizasiyası) bazarlarındakı yerli valyutaları ciddi təzyiq altında saxlayır. Enerji xərclərinin yüksəlməsi və polad lövhə qiymətlərindəki oynaqlıq dənizçilik sektorunda əməliyyat marjalarını daraldıb.
“Seanews.az” xəbər verir ki, buna baxmayaraq, bazarda aktivlik tam dayanmayıb. Hazırda bazarın mütləq lideri Banqladeşdir, Hindistan və Pakistan isə hələlik rəqabətdə geri qalır.
Banqladeş bu həftə bazarın ən yüksək qiymətlərini təklif edir. Konteyner gəmiləri üçün 510, tankerlər üçün 490, yük gəmiləri (bulkerlər) üçün isə 470 dollar təklif olunur.
Türkiyə digər bazarlardan kəskin fərqlənir və qiymətlər xeyli aşağıdır. Konteynerlər 310, tankerlər 300, bulkerlər isə 290 dollara qəbul edilir.
Bu qiymət fərqləri və dolların artımı səbəbindən gəmi sahibləri hazırda daha çox Banqladeş limanlarına üstünlük verirlər.

